XİN: “Azərbaycan və Ermənistan 18 oktyabr saat 00:00-dan etibarən müvəqqəti atəşkəsə razılıq verib”

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

 

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

 

Oktyabrın 17-də axşam saatlarında Rusiya xarici işlər naziri Sergey Lavrov, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə münaqişə bölgəsindəki vəziyyəti müzakirə edib.

 

Telefon vasitəsilə aparılan danışıqlarda Lavrov  Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin humanitar məqsədlər üçün atəşkəsin tətbiq olunmasını məzərdə tutan 10 oktyabr tarixli Moskva bəyannaməsinin  müddəalarına ciddi riayət olunmasının vacibliyini vurğulayıb.