Paşinyan öz ölkəsində etirazla üzləşdi
Ermənistanda 13 siyasi partiya Paşinyandan öz səlahiyyətlərini keçmiş prezidentlərlə bölüşməsini tələb edir
Oktyabrın 17-də Ermənistanda 13 siyasi partiya ortaq bəyanatla çıxış edib. Siyasi partiyalar ölkə hakimiyyətindən “Azərbaycanla silahlı münaqişə fonunda həm respublikanın, həm də Dağlıq Qarabağın qorunması üçün” bir neçə tədbir təklif ediblər. Bəyanatı jurnalistlər üçün brifinqdə “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan səsləndirib.
“Biz hökumətdən tələb edirik ki, təcili olaraq hərbi-siyasi məsələlərin operativ idarə olunması üçün qərargah yaradılsın. Bu qərargaha bir dövlət orqanı olaraq qərarlar qəbul etmək, əməliyyat tədbirlərini planlaşdırmaq və koordinasiya etmək səlahiyyəti verilsin” – deyə, sənəddə qeyd olunur.
Bu qərargaha Ermənistanın və “DQR”-in keçmiş və hazırkı prezidentlərinin, habelə keçmiş baş nazirlərin, xarici işlər nazirlərinin və Müdafiə Nazirliyinin, o cümlədən Robert Köçəryan, Serj Sarkisyan, Levon Ter-Petrosyan, ölkənin indiki lideri Paşinyan və digərlərinin də daxil olması, ölkənin müdafiəsinin səmərəli təşkili üçün təklif olunur, – deyə, Panarmenian.net məlumat verir.
Müşhahidəçilər fikrincə, bəyanat müəllifləri ölkə başçısı Nikol Paşinyanın indiki şəraitdə öhdəsinə düşən vəzifəni icra etmək itidarında olmadığı qənaətindədirlər. Bu səbəbdən, onlar yeni qərargahın yaradılmasını və Nikol Paşinyanın öz səlahiyyətlərini keçmiş prezidentlər Robert Köçəryan, Serj Sarkisyan da daxil olmaqla “Qarabağ klanı” ilə bölüşməsini tələb edirlər.
Bəyanatı aşağıdakı partiyalar imzalayıb:
“Azadlıq”, “Milli Gündəm”, “Milli Demokratik Birlik”, “Milli Özünüdərk Birliyi”, “Erkir Sirani”, “İrs”, “Həmrəylik “, “Daşnaksütyun”, Ermənistan Demokrat Partiyası, Ermənistan Respublikaçılar Partiyası, “Ana Vətən”, “Sosial Ədalət Naminə” və “Vahid Ermənistan”.
Basta