Ermənistan təslim olacaqmı? Paşinyan məsləhətləşmələrə başladı

Ermənistanın baş naziri Nikol Paşinyan müharibəni dayandırmaq üçün hansı güzəştlərin məqbul sayıldığını müəyyənləşdirmək məqsədilə siyasi partiyalarla məsləhətləşmələrə başlayıb.

 

Sputnik-in məlumatında bu görüşlərin qapalı olduğu və mətbuata hər hansı bir açıqlama verilmədiyi bildirilir.

 

Baş nazirlə dünənki görüşdən sonra iki partiyanın nümayəndələri Qarabağ münaqişəsinin həllinə yanaşmalarını dilə gətiriblər.

 

“Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan Facebook-da canlı yayımda təşkilatının mövqeyinin əvvəlki kimi qaldığını, “sülh müqabilində ərazi” həll formuluna qarşı olduqlarını söyləyib.

 

Saqatelyan, “Daşnaksütyun üçün Qarabağın müstəqilliyinin tanınması olmadan istənilən həll variantı qəbuledilməzdir” – deyə, təslimçiliyə qarşı çıxıb.

 

Onun sözlərinə görə, erməni xalqının bu müharibədə məğlub olmaq haqqı yoxdur. Ermənistan qalib gəlməlidir, çünki dövlətin mövcudluğu məsələsi bu müharibədə həll olunur. O, bütün xalqı toplanmağa, gücləri birləşdirməyə və bu müharibədə dönüş nöqtəsinə nail olmağa çağırıb, başqa bir seçim olmadığını bildirib.

 

Bənzər mövqe ilə Respublikaçılar partiyasının nümayəndəsi Eduard Şarmazanov da çıxış edib.

 

Qeyd edək ki Azərbaycan tərəfinin sülh üçün yeganə şərti Ermənistan qoşunlarının Qarabağdan çıxarılmasıdır.

 

 

Basta