AMEA-da tender labirinti: korrupsiya yoxlamalarının aparıldığı deyilir
Azərbaycan Milli Elmlər Akdemiyasının (AMEA) İşlər İdarəsində korrupsiya faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən yoxlamaların aparıldığı bildirilir.
Bu barədə Arqument.az-a AMEA-dakı mənbələr məlumat verilib.
Yoxlamalara səbəb isə son 2 il ərzində akademiyanın nəzdində fəaliyyət göstərən institutların təmiri üçün ayrılan milyonlarla dövlət vəsaitinin təmir adı altında xərclənməsi göstərilir.
Məlumata görə, AMEA-nın İşlər İdarəsinin keçmiş müdiri Fətəli Abdullayev həmkəndlisi və qohumu Nuriyev Əli Lətif oğlunun rəhbərlik etdiyi “Lətifoğlu” MMC-yə 2017-ci ildən indiyədək dövlət satınalmaları yolu ilə milyonlarla tenderlər verib.
Bu tenderlərin böyük əksəriyyətinə ayrılan pulların mənimsənildiyi, işlərin isə yarımçıq qaldığı deyilir.
Qeyd edilir ki, “Lətifoğlu” MMC şirkəti 2017-ci ilin oktyabr ayından 2019-cu ilin fevral ayınadək AMEA-nın İşlər İdarəsinin 31 satınalmasının qalibi elan edilib.
AMEA-nın İşlər İdarəsi tərəfindən “Lətifoğlu” MMC-yə ayrılan vəsaitlər isə ümumilikdə 3 milyon manata yaxındır.
Məlumata görə ayrılan vəsaitlər əsasən Nabatat bağının, Zoologiya İnstitutunun, Biofizika, Torpaqşünaslıq və digər institutların laborotoriyalarının təmiri üzrə silinib.
“Lətifoğlu” MMC-nin hazırda dövlətə olan vergi borcu isə 52.872 manat təşkil edir.
AMEA-dan yoxlamalarla bağlı suala cavab almaq mümkün olmayıb.