TƏBİB sədri Ramin Bayramlıya aid klinika COVİD-19 testləri edir – ARAŞDIRMA
Azərbaycanda COVİD-19 infeksiyasından həyatını itirənlərin sayı 160-ı ötüb. Təkcə iyunun 22-də 478 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Bununla da ölkədə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı təsdiqlənib.
Hazırda 5 878 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.
İyunun 22-də aparılan COVİD-19 testlərinin sayı 4345 olub. Ötən müddət ərzində respublikamızda 426 394 test aparılıb. Bu heç də kiçik rəqəm deyil, xüsusən bir testin qiyməti baxımından.
Görülən inzibatı tədbirlər gözlənilən effekti vermədi
Azərbaycana koronavirusu aşkar edən testi hansı şirkətlərin idxal etməsi, testlərin qiyməti, bu testi aparan laboratoriyaların necə seçilməsi bu gün cəmiyyəti ən çox düşündürən suallardır. Bir tərəfdən COVİD-19 hər gün can almaqda davam edir, digər tərəfdən xüsusi karantin rejimi aylardır uzanır. Xüsusən ölkənin 9 böyük şəhərində yenidən xüsusi karantin rejimi tətbiq edilib. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində insanlar 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək evdən SMS icazə ilə çıxa biləcəklər. Bundan əvvəl isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 5-dən 27-dək bütün ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edib.
İyunun 6-7-də və 14-15-də isə paytaxt və hazırda karantin rejimi tətbiq edilən ərazilərdəki məhdudiyyətlər vətəndaşlarla polis arasında qarşıdurma yaranmasına səbəb oldu. Sonradan isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəsmi açıqlama verərək həftəsonu məhdudiyyətlərin effektiv olmadığını açıqladı. “Təəssüflə qeyd etmək istəyirəm ki, tətbiq etdiyimiz qısa qapanma (həftəsonu) günlərində istədiyimiz nəticəni əldə edə bilmədik”,- deyə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirdi.
Baxmayaraq ki, iyunun 4-də keçirilən brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əksini söyləmişdi: “Biz də bu özünütəcridin nəticəsi barədə bir və ya iki həftə sonra məlumat verə biləcəyik. Aparılan təhlillər göstərir ki, burada müsbət təsir mütləq olacaqdır”.
Qeyd: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılıb. 1 yanvar 2020-ci il tarixdən Səhiyyə Nazirliyinin tabeliyindəki xəstəxanalar və tibb müəssisələri bu qurumun tabeliyinə keçirilib.
TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.
Azərbaycanda kifayət qədər test ehtiyatı var: amma kim necə idxal edir?
Ramin Bayramlı deyir ki, Azərbaycanın koronavirusu aşkara çıxaran testlərlə bağlı ehtiyatı kifayət qədərdir: “Test ehtiyatı tender qaydalarına uyğun əldə edilib. Ölkəyə gətirilən testlər Almaniya istehsalıdır və tam avtomatlaşdırılıb, nəticə və dürüstlüyü isə yüksəkdir. Ölkədə testlərin maya dəyəri 40 manat civarındadır. Bura mütəxəssislərin əməyi daxil deyil. Hazırda 25-ə yaxın laboratoriyada koronavrusla bağlı testlər keçirilir”.
TƏBİB-dən bu laboratoriyaların necə seçilməsi haqda məlumat almaq mümkün olmayıb. Qurumun mətbuat katibi Rəvanə Əliyeva deyib ki, həmin laboratoriyalar dövlətə məxsusdur, tenderlə bağlı məlumatsızdır. Əslində isə laboratoriyalardan biri TƏBİB sədrinə məxsusdur.
Ramin Baba oğlu Bayramlının TƏBİB sədri təyin olunarkən yayılan tərcümeyi-halında göstərilir ki, əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb. 2011-2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib. Hazırda ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyir. “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyinin təsisçisi və sədr müavinidir.
“Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyinin saytı
Mənbə: Web Screenshot
TƏBİB-in maarifləndirmə tədbirlərini sədrin təsisçisi olduğu ictimai birlik aparır
TƏBİB-in tibb işçiləri üçün maarifləndirmə tədbirlərini qurum rəhbərinin təsisçisi olduğu “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi həyata keçirir.
İctimai Birliyin internet səhifəsində yerləşdirilən məlumat və fotolardan görünür ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrindəki laboratoriyaların standartlaşdırılması məqsədilə TƏBİB və AZKLMİB tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün nəzəri və praktik təlimlər keçirilib.
“Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyin məsul katibi, Tibb üzrə fəlsəfə doktoru, Yavər Hacısoy
Mənbə: Azklmib.az
Həmin təlimlərin həyata keçirilməsində əsas görüntülənən və TƏBİB-in tortunu kəsən şəxs isə “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyin məsul katibi, Tibb üzrə fəlsəfə doktoru, Yavər Hacısoydur.
Tibb üzrə fəlsəfə doktoru, Yavər Hacısoy TƏBİB-in tortunu kəsir
Mənbə: Azklmib.az
İctimai Birlikdən MMC-yə keçən əməkdaşlıq
Amma Yavər Hacısoyun fəaliyyəti təkcə TƏBİB-in sifarişi ilə qurum sədrinin təsisçisi olduğu ictimai birliyin işlərini yerinə yetirmək deyil. Yavər Hacısoy həm də hazırda Azərbaycanda COVİD-19-u aşkara çıxaran testlərin aparıldığı 25 laboratoriyadan birinin qanuni təmsilçisidir.
Yavər Hacısoyun qanuni təmsilçi olmasının sübutu
Mənbə: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bazası
“İNCİ LABORATORİYALARI” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1404212521) 7 may 2018-ci ildə təsis edilib. Nizamnamə kapitalı 20 manat olan “İNCİ LABORATORİYALARI” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4 mikrorayon, ev 60, mənzil 89 göstərilib.
Azərbaycanlı araşdırmaçı jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, Baki şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4 mikrorayon, ev 60 mənzil 89 ünvanında 213 şirkət qeydiyyatdan keçib. Həmin şirkətlərin dövlət sifarişi ilə həyata keçirilən tenderlərdə iştirakı isə ayrıca araşdırma mövzusudur.
Qeydiyyatdan keçdikdən bu ilin mayınadək “İNCİ LABORATORİYALARI” MMC-nin 4 ərazidə filialları olub.
Laboratoriyanın internet səhifəsində verilən məlumata görə, burada dünyanın referens mərkəzlərində istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar mövcuddur. Klinik Laboratoriya (Biokimya, Mikrobiologiya, İmmunologiya, Genetika) sahəsində çalışan mütəxəssislərin və qurumların problem və ehtiyaclarını müəyyənləşdirmək, həll yollarını işləyib hazırlamaq, Klinik Laboratoriya mütəxəssislərinin peşə və şəxsi hüquqlarının qorunması və inkişafı istiqamətində çalışmaq, birlik üzvlərinə hüquqi yardım göstərmək, üzvlərlə birlikdə əhalinin sağlamlığı ilə bağlı mövzularda ölkə daxilində bilik səviyyəsinin artırılması, ixtisas təhsili, tibbi xidmət və elmi araşdırma sahələrinin inkişafı üçün hədəflər qoymaq, üzvləri bu hədəflər istiqamətində çalışmağa təşviq etmək, hədəflərə nail olmaq üçün milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək missiyası daşıyır. Laboratoriyanın Mərkəz Filialı Bakı şəhəri Bülbül prospekti 40 ünvanında fəaliyyət göstərir. Bundan başqa, laboratoriyanın Bakı şəhəri Atatürk prospekti 3078 ünvanında fəaliyyət göstərən HB Güvən Klinikasındakı Gənclik filialı, Gəncə şəhər 28 May küçəsi 23 ünvanında fəaliyyət göstərən Yeni Gəncə Tibb Mərkəzi filialı və Tovuz şəhər Musa Musayev 1 ünvanında Tovuz filialı fəaliyyət göstərir.
COVİD-19 testlərinin aparıldığı İNCİ laboratoriyası
10 may 2020-ci il tarixində laboratoriyanın “Facebook” səhifəsində COVİD-19 testlərinin aparılmasına başladıldığı qeyd edilib: ” Əziz həmvətənlər!
COVID-19 infeksiyasının RT-PCR testi artıq İnci Laboratoriyalarında həyata keçirilməyə başlanılıb. Özünüzün və yaxınlarınızın həyatını #koronavirus #COVID_19 təhlükəsindən qorumaq üçün vaxtında önləm alın. Laboratoriyalarımızda sterillik və digər zəruri təhlükəsizlik tədbirləri görülüb”.
Laboratoriyanın “Facebook” səhifəsi
Mənbə: Facebook
Laboratoriyada COVİD-19 testlərinin aparılmasına başladıldığı vaxtdan 4 gün sonra isə mayın 14-də Sumqayıtda yeni filial açılıb. Bu barədə də laboratoriyanın “Facebook” səhifəsində məlumat yerləşdirilib. Yeni filial isə Sumqayıt şəhəri, 12-ci mikrorayon, Çerkassı küçəsi 181 ünvanında fəaliyyət göstərir.
İyunun 14-də, həftəsonu qadağalarının tətbiq olunduğu və ən azından 4 milyon insanın evlərə qapadılmasından 2 gün sonra isə “İNCİ LABORATORİYALARI”nda COVİD-19 infeksiyasının RT-PCR testinin həyata keçirilməsinə başlanılıb.
Qardaşı Razim Bayramlı Ramin müəllimin atası Baba Bayramovla birlikdə
Mənbə: Facebook
“İNCİ LABORATORİYALARI”nın fəaliyyəti təkcə öz “Facebook” səhifələrində təbliğ edilmir. Elə cənab Ramin Bayramlının doğma qardaşı tərəfindən də təbliğatı aparılır. TƏBİB sədrinin qardaşı Razim Bayramlının “Facebook” səhifəsində də “İNCİ LABORATORİYALARI”nın fəaliyyətinə dair paylaşımlar edilir. Düzdür, Razim Bayramlının səhifəsində qardaşı ilə şəkli yoxdur, amma ailə üzvləri ilə bağlı paylaşımında Ramin müəllimin atası, uzun müddət Badamdar qəsəbəsində fəaliyyət göstərən 236 saylı orta məktəbin tədris işləri üzrə drektor müavini işləyən Baba Bayramovun fotosu yer alıb.
Pandemiya dövründə xarici uçuşları bərpa edən AZAL artıq bilet alan şəxslərdən koronavirus testindən keçməyi tələb edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, sərnişinlər uçuşdan əvvəl mütləq qaydada koronavirus infeksiyası (COVID-19) testindən keçməlidirlər. AZAL Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunan laboratoriyaların siyahısını öz “Facebook” səhifəsində açıqlayıb:
– İnci laboratoriyası
– Referans klinikası
– Memorial Klinik
Qaydalara əsasən sərnişinin koronavirus testindən keçməsi barədə arayış uçuşdan ən gec 48 saat əvvəl verilməlidir. Sərnişin yalnız testdən keçərək mənfi nəticə əldə etməsi barədə arayış təqdim etdikdən sonra təyyarəyə buraxılacaqdır.
AZAL-ın Facebook səhifəsi
Mənbə: Facebook
Maraqlısı odur ki, AZAL Türkiyədən Azərbaycana sərnişin gətirərkən ölkənin 73 bölgəsindən 129 klinikanın arayışını tanıyır.
TƏBİB akreditasiya üçün müraciət etməyən laboratoriyaya test aparılma sifarişi verib
“İnci Laboratoriyaları”nın Korperativ şöbəsinin rəhbəri Elnarə Əfəndiyevanın Modern.az-a verdiyi məlumata görə, testlərə başlanıldığı tarixdən indiyədək laboratoriyanın Mərkəz Filialında həm qandan, həm də yaxmadan COVİD-19-a qarşı test aparılır: “Müraciət edənlərdən 293 nəfəri yalnız qandan analiz verənlərdir. İyunun 16-dan 21-dək təkcə yaxma verənlərin sayı 324 nəfər olub. Həmin şəxslər isə həm AZAL-ın uçuşlarından istifadə edənlər, həm də TƏBİB vasitəsi ilə yaxmalar götürülənlərdir. Hazırda qandan bütün filiallarda test aparılsa da, yaxmadan ancaq Mərkəz filialında yoxlama aparılır”.
Yaxma nümunələrinin yoxlanılmasına niyə gec başlanıldığına gəldikdə isə buna TƏBİB-dən icazənin gec verilməsi ilə əlaqələndirib: “AZAL-ın uçuşları başlanıldıqdan sonra təcili yardımla götürülən yaxma nümunələrinin yoxlanılması daha çox vaxt aldığından TƏBİB bəzi laboratoriyalara da ödənişli analiz aparmağa icazə verdi. Bu prosesə də iyunun 16-dan başlanıldı”.
Amma bu analizləri aparmaq üçün “İnci laboratoriyaların”dan TƏBİB-ə müraciət olmayıb. Laboratoriya TƏBİB-in bildirişləri əsasında bu analizlərə başlayıb. Hazırda isə qan analizindən COVİD-19 testi 50 manata aparılır.
İNCİ Laboratoriyanın “Facebook” səhifəsi
Mənbə: Facebook
Yaxma nümunələrinin yoxlama qiyməti isə laboratoriyada 130 manatdır. Demək laboratoriyanın 1 filialı təkcə COVİD-19-a görə yaxmaların yoxlanılmasından 5 gündə 42 120 manat əldə edib.
Digər tərəfdən, bir koronavirus skandalı bu günlərdə Referans Klinik Laboratoriya Mərkəzi ilə bağlı yaşandı.
COVID-19 testindən keçən vətəndaşa analizin nəticəsinin neqativ olduğu barədə sənəd verən Mərkəz TƏBİB-ə fərqli pozitiv nəticə göndərib. Təkcə bu hal göstərir ki, ortada ciddi problemlər mövcuddur. Bir tərəfdən pandemiya can almaqda davam edir, xüsusi karantin dövrü uzanır, insanlar evlərinə qapadılır. Digər tərəfdən isə COVİD-19 testindən keçənlərin sayı hər gün 4 rəqəmli olaraq artır, yeni laboratoriya filialları açılır. Demək, COVİD-19 təkcə problem yox, həm də böyük pullar qazandırır.
Meydan.Tv