Qızıl Xaç Cəmiyyətinin nümayəndələri Zamin Salayevə baş çəkiblər

AXCP üzvü Zamin Salayev 72-ci gündür ki, təcridxanada aclığı davam etdirir. Bu barədə Turan-a vəkil Fəxrəddin Mehdiyev bu gün ona baş çəkdikdən sonra bildirib.

“Vəziyyəti ağır olaraq qalır, ayaqları tutulur, 38 kiloqram arıqlayıb və çox taqətsizdir. Mədəsindəki şiddətli ağrıya ürək nahiyəsində ağrı da əlavə olunub. Nəhayət, aprelin 18-də elektrokardioqramma çıxarılıb, analiz üçün qan nümunələri götürülüb. Ancaq hələ nəticə yoxdur”, – vəkil deyib.

Onun sözlərinə görə, aprelin 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin nümayəndələri Salayevə baş çəkiblər. Ondan sonra Salayevi ayrı kameraya köçürüblər və tibbi nəzarət tətbiq edilib.

Vəkil Salayevin tərəfdaşları və öz adından ondan aclığı dayandırmasını xahiş edib. “Ancaq o dedi ki, əsassız həbs olunub və sonadək aclığı davam etdirəcək”,- Mehdiyev deyib.

Vəkil ibtidai istintaqın başa çatdığını bildirib, lakin məhkəmədə işə baxılmasına nə vaxt başlanacağı hələ məlum deyil.

*Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Salayevi üç ay müddətinə həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə cinayət işi açılıb. Fəalı 5 ilədək həbs təhlükəsi gözləyir.

Zamin Salayev məhkəmədə bildirib ki, ona qarşı irəli sürülən ittiham yalandır və sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə cəzalandırılır. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.