Müsavat başqanı Türkiyə səfirinə təbrik məktubu göndərdi

Müsavat Partiyasının başqanı Arif Hacılı 29 Ekim Cümhuriyyət Günü ilə bağlı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı təbrik edib.

 

Təbrik məktubunda deyilir:  

 

“Əziz dost!

 

Dünyada və regionda əsas söz sahiblərindən olan qardaş Türkiyə dövlətinin ölkəmizdəki böyükelçisi olaraq sizi salamlayır, 29 Ekim Cumhuriyet Günündə, qardaş Türkiyə dövlətinin elan edilməsinin 97 ci ildönümü münasibəti ilə, şanlı Türk xalqını və sizi şəxsən öz adımdan və Müsavat Partiyası adından ürəkdən təbrik edirəm!

 

Hər zaman vurğuladığımız, regiondakı hadisələrin də göstərdiyi kimi Türkiyə Azərbaycan münasibətləri sadəcə strateji müttəfiq olan iki dövlətin münasibətləri deyil, bir millət olan iki qardaş dövlətin münasibətləridir.

 

İnanırıq və əminik ki, bu münasibətlər əbədidir, dəyişməzdir.

 

Qardaş Türkiyənin dünyanın aparıcı, güclü ölkələri sırasında olması, regionda və dünyadakı proseslərə təsir imkanlarının artması, həm də bizim gücümüzün, təsir imkanlarımızın artmasıdır ki, buna görə çox qürurluyuq.

 

Hər zaman olduğu kimi, bir çox sahələrdə, xüsusi ilə bizim üçün ən önəmli məsələ olan ərazilərimizin işğaldan azad olunması məsələsində, beynəlxalq hüquqa söykənən haqq davamızda Türkiyənin Azərbaycanın mövqeini birmənalı və yüksək səslə dəstəkləməsi, hər zaman yanımızda olması, beynəlxalq müstəvidə maraqlarımızı qoruması bizim üçün çox önəmlidir. Azərbaycan xalqı Türkiyə dövlətinin bu davranışlarını heç zaman unutmayacaq!

 

Müsavat Partiyası olaraq bu gün dövlətlərimiz arasında olan münasibətlərin, hərbi, iqtisadi, siyasi və mədəni əlaqələrimizin inkişaf etməsindən çox məmnunuq. Bu münasibətlərin bundan sonra da yüksələn xətt üzrə davam etməsini arzu edirik.

 

Sayın Erkan bəy, sizin simanızda bütün Türk xalqını Cümhuriyyət Günü münadibəti ilə bir daha təbrik edir, Allahdan Türk xalqına sülh, əminamanlıq, rifah və xoşbəxtlik arzu edirəm!

 

Sayğılarla:

Arif Hacılı, Müsavat Partiyasının başqanı”