İzmirdə zəlzələdən ölənlərin sayı 79-a çatdı
Türkiyədə İzmir şəhərində binaların dağılması və Yunanıstanda ən azı iki adada yüksək dalğaların yaranmasına səbəb olan zəlzələ nəticəsində ən azı 79 nəfərin həyatını itirdiyi və mindən çox insan yaralandığı bildirilir.
Türkiyədə xilasetmə qrupları bazar günü səhər tezdən çökən bir binanın dağıntıları altından sağ qalan bir nəfəri çıxarıb. Ahmet Citim adlı kişi 33 saat zəlzələ nəticəsində çökən yaşayış binasının dağıntıları altında qalıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü axşam İzmirə səfər edib və hökumətin evlərini itirən şəxslərin müvəqqəti mənzil və kirayə ilə təmin edilməsinə kömək edəcəyini və yeni binaların inşasına başlanılacağını vəd edib.
7.0 baş gücündə zəlzələnin episentrinin Yunanıstanın Samos adasının sahillərində olduğu bildirilir. Zəlzələdən sonra yüzlərlə yeraltı təkanlar baş verib.
Zəlzələdən bir neçə saat sonra Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis çox nadir hallarda olaraq, başsağlığı bildirmək üçün Türkiyə prezidentinə zəng edib.
“Fərqlərimiz nə olursa olsun, insanlar indi birlikdə dayanmalıdır”, Mitsotakis Twitter səhifəsində yazıb.
“İki qonşunun çətin anlarda həmrəylik göstərməsi və dəstək verməsi həyatda çox şeydən daha dəyərlidir”, Ərdoğan yazdığı tvitində cavab verib.
Birləşmiş Ştatlar Yunanıstan-Türkiyə zəlzələ diplomatiyasını alqışlayıb və NATO-nun iki ölkəsinə kömək etməyə hazır olduğunu bildirib.
“Hər iki ölkənin ehtiyac duyduğu bir zamanda bir-birlərinə kömək etmək üçün fikir ayrılıqlarını kənara qoyduğunu görmək çox xoşdur. ABŞ kömək etməyə hazırdır”, ABŞ-ın milli təhlükəsizlik müşaviri Robert O’Brayan bildirib.
Fransa da “həm Yunanıstan, həm də Türkiyə ilə tam həmrəylik” bildirərək, ölkələrə yardımını təklif edib.
Yunanıstan və Türkiyənin hər ikisi NATO üzvü olsa da, alyans üzrə iki müttəfiq qonşu ölkə arasında münasibətlər münaqişə və inamsızlıqla müşayiət olunur. Bu yaxınlarda Aralıq dənizinin şərqində qızğın enerji mübahisəsi yay aylarında iki ölkəni müharibə həddinə yaxınlaşdırmışdı.
Avropa İttifaqı və ABŞ-ın tərəflər arasında fikir ayrılıqlarının həllinə kömək etmək üçün aylardır çalışmasına baxmayaraq, bu səylər nəticəsiz qalıb.
İnsan ölümü ilə nəticələnmiş zəlzələdən sonra əlaqələrin gücləndirilə bilib-bilməyəcəyi hələlik məlum deyil.