Paşinyan: “Qarabağ müharibəsinin bitməsi ilə bağlı Rusiya və Azərbaycan prezidentləri ilə bəyanat imzaladım”

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Özüm üçün və hamımız üçün çox çox çətin bir qərar verdim. Qarabağ müharibəsinin 01:00-da bitməsi ilə bağlı Rusiya və Azərbaycan prezidentləri ilə bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim və xalqımız üçün ifadə olunmayacaq dərəcədə ağrılıdır”.

 

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” hesabında yazıb.

 

“Bu qərarı hərbi vəziyyətin dərin təhlili və vəziyyəti ən yaxşı bilən insanların qiymətləndirməsi nəticəsində verdim.  Bu qərar həm də bunun mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğuna inama əsaslanır. Bütün bunları yaxın günlərdə sizə ətraflı izah edəcəyəm.

 

Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqillik illərimizi təhlil etməliyik”, – deyərək Paşinyan bildirib.

 

***

 

Rusiya, Azərbaycan və Ermənistan liderləri Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanat imzalayıblar.

 

“RİA Novosti” xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib.

 

“Bəyanatla Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırılır və tam atəşkəs elan edilir”, – o bildirib.

 

***

 

Rusiya Prezidenti Vladimir Putin Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatla çıxış edib.

 

“RİA Novosti” xəbər verir ki, Putin Qarabağda tam atəşkəsin Bakı vaxtı ilə 10 noyabr 01:00-da başladığını bildirib.

 

O qeyd edib ki, Qarabağa rusiyalı sülhməramlılar yerləşiriləcək.

 

Basta