“Sülhməramlılar” əvvəlcədən planda olub

Mustafa Hacıbəyli

 

Rusiya lap əvvəldən ona görə qismən neytral mövqe tuturmuş. Putin bilirmiş ki, işin sonunda rus ordusu “sülhməramlı” adı altında Azərbaycana qaytarılacaq.

 

Ona gorə Putin və Rusiyanın bir sıra rəsmiləri deyirmiş ki, ODKB işə qarışa bilməz, çünki, Azərbaycan öz ərazisində əməliyyat aparır. Ona gorə Azərbaycana sonsuz nifrət edən Solovyov kimi aparıcılar öz efirlərinə Azərbaycanın xeyrinə danışan adamları da dəvət edirmiş.

 

Yazırlar ki, Azərbaycan hakimiyyəti bu addıma son anda məcbur edilib. Deyirlər Naxçıvandan açılan atəşlə rus vertolyotunun vurulması və Xırdalandakı partlayış hakimiyyətə təhdid olub. Bəlkə də təhdid olub, amma hakimiyyətə yox, xalqa qarşı. Hakimiyyət, əksinə, bu nəticəni böyük qələbə adlandırır və bayram edir.

 

Yadınızdadırsa, döyüşlər təzə başlayanda hər kəs düşünürdü ki, Putin zəng vurub əməliyyatı dayandıracaq. 2016-cı ildə olduğu kimi. Amma bu dəfə belə olmadı: döyüşlər hətta iki dəfə atəşkəs imzalandıqdan sonra da davam etdi. Və Rusiya buna olumlu yanaşdı. Niyə? Çünki nəticə onlara bəlli imiş.

 

Arutunyan deyir ki, Xankəndini qorumaq üçün bir nəfər də yox idi. Rusiyadan bir jurnalist hələ oktyabrın sonunda Xankəndinin bom-boş olduğunu deyib, bunu sübut edən videogörüntüləri yaymışdı. Tanıdığımız zabitlər də deyir ki, Xankəndi boş idi, amma bizim ora girməyimizə icazə verilmədi. Niyə? Çünki planda Xankəndinin tutulması yox imiş.

 

Ordumuz hara əl qoysa, oranı tuturdu. Amma Dağlıq Qarabağın şimalından başlayan hücum bir neçə gündən sonra dayandırılmışdı. Niyə? Çünki plan belə olub: Xankəndi və ətrafı ermənilərdə qalmalı, rus qoşunu onları qorumalıdır. Bu planı xalqdan gizli saxlayıblar.

 

İndi, bu plan üzə çıxdıqdan sonra bir çox başqa sualların da cavabı bəlli olur.

 

Niyə hər dəfə hansısa rayon azad ediləndən sonra bunun açıqlanması bir neçə gün yubadılırdı? Və niyə hər dəfə Paşinyana “son şans veririk” deyilirdi? Hər şey Paşinyanın bu bəyanatı imzalamasına hesablanıbmış. Ona həqiqətən vaxt və şans verilirmiş.

 

Paşinyan daxili etirazdan qorxduğu üçün bunu imzalamırdı. Sonda sənədin gecəyarı imzalanması da məhz Ermənistanda cəmiyyətin müqavimətini önləmək üçün idi.

 

Rus ordusunun Azərbaycana qaytarılmasını cəmiyyətimizə başqa cür həzm etdirmək mümkün deyildi. Hətta “əvəzində 3 rayon alırıq” deyə təbliğat aparmalarına rəğmən əhalinin əksəriyyəti (sorğuya görə 85 faizi) rusların qayıdışına qarşıdır. Hərgah, bizdə xalqın iradəsi, hakimiyyətin marağı ilə üst-üstə düşmürsə, işə keçmir.

 

Düzdür, Azərbaycan işğal altındakı torpaqların böyük hissəsini azad etdi, amma əvəzində bütövlükdə dövlətimizin suverenliyi şübhə altına düşdü. Hər şey Rusiyanın istədiyi kimi oldu: ermənilərin Moskvadan asılılığı artdı, üstəlik Rusiyanın Azərbaycanda hərbi iştirakı təmin edildi.

 

P.S. Rusiyalı “sülhməramlılar”ın Azərbaycana gətirilməsinin nəzərdə tutan  bəyanat hüquqi yox, siyasi sənəddir. Bu, sadəcə onu imzalayan üç dövlət başçısının siyasi iradəsidir. Bu iradənin legitimləşməsi üçün hər hansı bir müqavilə, saziş imzalanmayıb, parlamentdə təsdiqlənməyib.  Başqa sözlə, Rusiyalı hərbçilərin Azərbaycana girməsi həm də qanunsuzdur.

 

P.P.S.Rusiyanın bu müharibədən bir uduşu da o oldu ki, Ermənistana və Azərbaycana yenidən bir neçə milyardlıq silah-sursat, hərbi texnika satacaq. Vurulanların əvəzinə.