Fransa səfiri Azərbaycan XİN-ə çağırılacaq

 

Milli Assambleyanın əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq.

 

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Mətbuat Xidməti səfirin nazirliyə çağrılmasının səbəbini Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməsilə əlaqələndirir.

 

Bildirilir ki, Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir: “Qətnamənin adından da göründüyü kimi, reallıqla heç bir əlaqəsi olmayan, məsələyə dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst mövqelərini süni əsaslandırma ilə təqdim etməyə çalışır. Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində bir ailə kimi yaşadığı çox millətli və çox konfessiyalı dövlətdir. Biz Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə vermək cəhdlərini rədd edir, sülh və təhlükəsizlik üçün ciddi təhdid olan bu cür yanaşmanı qətiyyətlə pisləyirik”.

 

XİN qətnamənin hüquqi qüvvəsi olmadığını vurğulayıb: “Lakin, Senatın halında olduğu kimi, Milli Assambleyanın sənədinin siyasi mənasını nəzərə alaraq, bu kökündən yalnış qətnamələrin beynəlxalq hüququnun norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələri, eləcə də Azərbaycan ilə Fransa arasında mövcud olan ikitərəfli sənədlər ilə ziddiyyət təşkil etdiyini vurğulamaq istərdik. Fransa qanunverici orqanının bu addımı ölkənin vasitəçi mandatına ciddi zərbə vurur, eləcə də ikitərəfli münasibətlərə kölgə salır”.

 

Nazirlik xatırladıb ki, Fransa Milli Assambleyası bu günədək etnik təmizləməyə məruz qalan və fundamental insan hüquqları pozulan bir milyon azərbaycanlı haqqında bir dəfə də olsun dinləmə keçirməyib və hər hansı qətnamə qəbul etməyib: “Bu isə Fransa qanunverici orqanının tam qərəzli mövqe tutduğunu açıq şəkildə nümayiş etdirir. Milli Assambleya tərəfindən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının müddəaları ilə tam ziddiyyət təşkil edən yanaşmanın sərgilənməsi həm bölgədə həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin edilməsi səylərinə ciddi xələl gətirir”.

 

Noyabrın 25-də Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyini tanımağın zəruriliyi ilə bağlı qətnamə qəbul edib.

 

Sənəd senatın müxalif “Respublikaçılar” fraksiyasının lideri Brüno Retayo tərəfindən hazırlanıb. Sənədə mərkəzçilərlə bərabər solçu fraksiyaçılar olan sosialistlər və ekoloqlar dəstək verib.

 

Azərbaycan rəsmi dairələri sənəd barədə münasibətlərini açıqlayıblar.

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil: “Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.

 

 

Fransanın Azərbaycandakı səfiri Zakari Qross dekabrın 4-də “Twitter” hesabında yazıb ki, Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır: “Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti öz Parlamentinin müstəqilliyini tanıyır. Lakin Qarabağın müstəqilliyini tanımır”.