“İnanırdıq ki, qayıdacaq”. İtkin düşmüş azərbaycanlı hərbçinin nəşi 30 il sonra tapılıb

“Deyirdim ki, o, heç vaxt təslim olmaz, ələ keçməz, öldürülə bilməz, mütləq evə qayıdar. Cənazəsi gətirilənə qədər sağ olduğuna inanmağa davam etdim”.

Rahilə Atamoğlanova birinci Qarabağ müharibəsində itkin düşən həyat yoldaşı Əbülfət Atamoğlanovun yolunu 30 il gözləyib. Bu gözlənti bir ay əvvəl başa çatıb.

Kütləvi məzarlıq, itkin düşənlər
Rahilə Atamoğlanova 30 il ərinin sağ-salamat qayıdacağına ümid edib

2022-ci ilin fevralında ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına qayıdan Xocavən rayonunun Edilli kəndi ərazisində aşkarlanan kütləvi məzarlıqda 20 nəfərə yaxın insana məxsus cəsəd qalıtları tapılıb. Onlar üzərində aparılan DNT analizi nəticəsində bəzilərinin kimliyi bəlli olub. Onlardan biri də Əbülfət Atamoğlanovdur. 1993-cü ildən bəri itkin düşmüş hesab olunan Atamoğlanovun nəşi bu il sentyabrın 28-də doğulub-böyüdüyü Salyanın Kürsəngi kəndində dəfn edilib.

 

Kütləvi məzarlıq, itkin düşənlər
Birinci Qarabağ müharibəsində itkin düşmüş Əbülfət Atamoğlanovun həyat yoldaşı, uşaqları və nəvələri

Rahilə Atamoğlanovanın 57 yaşı var. İki qız, bir oğul anasıdır. 5 də nəvəsi var. Hazırda Xırdalan şəhərində yaşayır.

Həyat yoldaşı Rahilə xanımın həm də xalası oğludur. Rahilənin 21, Əbülfətin isə 23 yaşı olanda ailələri onlardan xəbərsiz məsləhətləşib evlənmələrinə qərar veriblər. Evlilikləri 1988-ci ildə toyları olur. Bu evlilikdən onların Ulduz, Cəmilə və Rüfət adlı üç övladları dünyaya gəlir.

Əbülfətin xasiyyətcə qaraqabaq, dinməz adam olduğunu danışır Rahilə xanım. Çox danışmağı sevmədiyindən evdə onun səsi az hallarda eşidilirmiş. Üzündə həmişə ciddi ifadə olarmış. Yalnız övladları ilə oynayanda eyni açılar, onlarla danışıb-gülərmiş.

Evliliklərinin ilk illərini Rahilə xanım belə xatırlayır:

Əbülfət Atamoğlanov
“Onun nəşi gətirilən günə qədər sağ olduğuna inanırdım…”

“Yoldaşım Salyan rayonunun Kürsəngi kəndindəndi, biz isə Şamaxıda yaşayırdıq. Mən də elə Kürsəngiyə gəlin köçmüşdüm.

O vaxt kənddə-kəsəkdə erməni tanışlarımız, qonşularımız çox idi. Evimizə qonaq gələr, elə Əbülfətlə üzbəüz oturub söhbətləşərdilər. Heç birimiz onlardan bir pislik, yamanlıq gözləmirdik. Sonra yavaş-yavaş ayaqları evimizdən kəsildi. Sonra kənddən köçüb getdilər. Ardınca da müharibə başladı”.

1993-cü ilin iyulunda Azərbaycan ordusunun giziri Əbülfət Atamoğlanova çağırış gələndə ailəsi onun müharibəyə getməsinə mane olmağa çalışır. Rahilə xanım deyir ki, Əbülfətin anası evlərinin həyətində oğlunun qarşısında diz üstə çöküb, yaylığını ayağı altına sərərək getməməsi üçün yalvarıb. Elə Rahilə özü də onun getməsinə razı deyildi.

Amma Əbülfət onları dinləmir. O, oğlu Rüfət on günlük ikən ailəsilə vidalaşıb müharibəyə yollanır.

Əbülfət Atamoğlanov
Rüfətin atası müharibəyə yollananda o, cəmi on günlük idi

Əbülfət getdikdən sonra Rahilə xanım ondan bir də xəbər ala bilmir. Deyir, ürəyinə pis fikir gətirmirmiş, düşünürmüş ki, Əbülfət necə də olsa, evə qayıdacaq. Amma işlər onun gözlədiyi kimi getmir.

1993-cü il avqustun 31-də Əbülfət Atamoğlanov Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşür. Xəbər ailəyə çatan kimi Əbüləftin atası Sabir Atamoğlanov oğlundan xəbər ala bilmək üçün döyüş bölgəsinə yollansa da, faydası olmur.

Rahilə xanım deyir, sonradan Əbülfətin bir neçə döyüş yoldaşı ilə əlaqə saxlaya biliblər. Onlar danışırmış ki, Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər ağır keçib. Son ümid ordudan kömək gözləyirmişlər. Müdafiə Nazirliyindən Kürdmahmudluda qalan əsgərlərə deyilib ki, kəndin kənarında üzüm bağları olan əraziyə çıxıb gözləyin, köməyə üzərində ağ bayraq olan tank taboru gələcək.

Deyilən tank taboru gəlir. Amma tabor onlara yaxınlaşdıqda məlum olur ki, tankı idarə edənlər erməni əsgərlərdir. Döyüş yoldaşları deyir, Əbülfət və yanındakı əsgərlər orada əsir düşür.

Əbülfət Atamoğlanovun ailəsi bu məlumatın rəsmi təsdiqini tapmır.

Müdafiə Nazirliyinin o zamankı rəhbərliyinə müraciət edib, Əbülfətin axtarışlarının davam etdirilməsini istəyirlər. Yeddi il davam edən axtarışların isə nəticəsi olmur.

2000-ci ildə Əbülfət Atamoğlanovun ailəsinə şəhid ailəsi statusu verilir.  Bu rəsmi olaraq Əbülfət Atamoğlanovun ölümünün təsdiq olunması demək idi. Ailəsi isə bununla barışmır.

Əbülfət Atamoğlanov itkin düşdüyü vaxtdan sonrakı 15 il ərzində Rahilə xanım üç övladı ilə Salyan rayonunun Kürsəngi kəndində yaşamağa davam edir. Amma uşaqlar böyüdükcə kənddə qalmaq çətinləşir. Rahilə xanım deyir, kənddə iş tapmaq mümkünsüzdü, uşaqlarının ehtiyaclarını təmin eləmək üçün isə  pul qazanmalı idi. Beləcə tənha ana üç övladı ilə Bakı yaınlığında Xırdalan qəsəbəsinə (hazırda şəhər və Abşeron rayonunun mərkəzi statusunu alıb) üz tutur:

“Bura gələndən sonra şirniyyat sexində işə düzəldim, sonra makaron sexində işlədim. İndi uşaqlar böyüyüb. Ürəyim istəyən kimi olmasa da, şükür ki, onları bu yaşa gətirib çıxara bildim”. – deyib, duruxur.

Göz yaşlarını saxlamağa çalışırsa da, bacarmır:

“Tək idim, onlara yaxşı təhsil verə bilmədim, ali məktəbə yola sala bilmədim. Özümə bağışlaya bilmədiyin yeganə şey budur”, – deyə sözünə davam edir.

Rahilə xanım danışır ki, Əbülfətin yoxluğu onu mənəvi olaraq çox sıxıb. Belə anlarda Əbülfətin onlarla vidalaşarkən dediyi sözlərdən təskinlik tapıb həmişə:

“Uşaqları göstərib mənə demişdi ki, tək olmayacaqsan. Uşaqları sənə tapşırıram, onlardan muğayat ol”, – qəhərləndiyi səsinin əsməsindən sezilir.

Rahilə xanım illər keçsə də, Əbülfətin qayıdacağından naümid olmur. Əbülfətin itkin düşdüyü ildən bəri Müdafiə Nazirliyindən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından tez-tez onu xəbər alır.

Övladlarına danışırmış ki, atanız hərbçidir, öz işini yaxşı yerinə yetirmək üçün gedib. Amma qayıdacaq.

Əbülfət Atamoğlanov
Əbülfət Atamoğlanovun kiçik qızı deyir ki, heç vaxt atamın müharibədə həlak olduğunu deməmişəm, çünki əmin deyildim

Rahilə və Əbülfətin kiçik qızları Cəmilə deyir ki, balaca olanda orta məktəbdə şəhidlər üçün keçirilən anım tədbirlərində onu şəhid qızı olaraq dəvət edirmişlər:

“Anama çox sual vermirdik, özümüz başa düşürdük vəziyyəti…” – ağlayır.

Anası onun yerinə deyir:

“Öldüyünü yox, itkin düşdüyünü qəbul edirdilər. Yəni, haçansa gələr. Buna görə də gözləri həmişə yolda olub”.

Cəmilə davam edir:

“Bütün tədbirlərdə şəhid qızı olaraq təqdim edirdilər. Amma mən heç vaxt şəhid qızı olduğumu dilləndirməmişəm. İndi çalışdığım yerdə 14 ildir ki, heç kim atamın şəhid olduğunu bilmirdi. Özüm deməmişdim. Çünki, mən də əmin deyildim sağdır, ya necə… Cənazəsi gələnə qədər”.

Rahilə xanım danışır ki, Əbülfət gedəndə qohumlarının çoxuna bir neçə gün sonra gələcəyini deyib ki, ondan nigaran qalmasınlar. Amma niyyəti belə idi ki, torpaqları işğaldan azad etməmiş evə qayıtmasın.

Əbülfət Atamoğlanov evinə itkin düşdükdən 30 il sonra tabutda qayıtdı…

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumata əsasən, 2021-ci ilin fevral ayından etibarən birinci Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş vətəndaşlara məxsus olduğu ehtimal edilən kütləvi məzar yerlərinin axtarışına başlanılıb.

Dövlət Komissiyasının 2007-ci ilə aid hesabatına görə, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfərdir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdirdir. 9 nəfərin isə hərbçi və ya mülki şəxs olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri uşaq, 268 nəfəri qadın, 371 nəfəri isə yaşlılardır. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib.

Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov yerli mediaya müsahibəsində bildirib ki, hazırda aidiyyəti dövlət qurumlarına aid laboratoriyalarda itkin düşmüş 415 şəxsə aid meyit qalığının eyniləşdirilməsi prosesi aparılır.

Meyit qalıqlarından 117-si Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazidən, 115-i Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndi, Xocalı rayonu, Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış qazıntı və ekshumasiya zamanı, həmçinin Ağdam, Şuşa, Kəlbəcər, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən tapılıb.

Əbülfət Atamoğlanov
Əbülfət Atamoğlanovun yas mərasimi ölümündən 30 il sonra keçirilib

Xırdalan şəhərinin mərkəzində yerləşən mərasim evlərindən birinin qarşısına onlarla insan toplanıb. Rahilə xanım və övladları məclisə gələn qohumları qarşılayır. Əbülfət Atamoğlanovun yas məclisi itkin düşdükdən 30 il sonra burada qurulub. Artıq uzun illərdir ki, rəsmən həlak olmuş sayılsa da, indiyədək nə doğma kəndində, nə də ailəsinin yaşadığı şəhərdə onun üçün yas məclisi qurmayıblar.

Rahilə xanım deyir ki, elə buraya gələnlər də kədərdən çox, təəccüb hissi keçirirlər. “Çünki, hamımız onun salamat qayıdacağını gözləyirdik”.

Əbülfət Atamoğlanovdan ailəsinə nəşinin üzərində tapılan bıçağı, köynəyinin iki düyməsi, vərəqləri çürümüş qeyd dəftərçəsi, qapağında güllə izi olan dəmir portsiqar və ayaqqabıları qalıb…

Əbülfət Atamoğlanov
Əbülfət Atamoğlanovdan ailəsinə qalan son şeylər

Fatimə Mövlamlı
jam-news.net