Rusiyadan qorxmaq lazım deyil
Mustafa Hacıbəyli
Rusiyaya əvvəlcə erməniləri Xankəndinə, Xocalıya, Xocavəndə, Ağdərəyə qaytarmağa başlamışdı.
Sonra Kəlbəcərin iki kəndinə də qaytardılar, özü də ermənilər bu kəndlərdə evləri yandırıb çıxdıqdan sonra. Xudavənddəki Alban monastrını da onlara peşkəş etdilər. Yaxşı ki əsgərlərimiz o kilsənin divarına öz adlarını yazmışdılar, yoxsa oranın ordumuz tərəfindən azad edildiyini də danardılar.
Sonra Laçın şəhərinə və ətraf kəndlərə də erməniləri qaytardılar.
Sonra Hadrutun bəzi kəndlərinə də qaytardılar.
Sonra Qubadlının, deyilənə görə 30 kəndini də ermənilərə qaytardılar. O qədər arxayınlaşdılar ki, “yeni uğurlarını” əks etdirən yeni xəritə də çəkib paylaşdılar.
Bəlkə də Qubadlının bir hissəsinin “sülhməramlıların” nəzarətinə aid edildiyi bu xəritəni çəkib yaymasalar,, xalqımız bunların feillərindən hələ bir müddət də xəbər tutmazdı, çünki hakimiyyət bunları bizdən gizli saxlayır. Gec bildik, amma bildik.
Bəs sonra nə olacaq? Bu qədər şəhidin qanı hesabına azad edilən ərazilər Paşinyanın Putinə etdiyi hər xahişdən sonra yavaş-yavaş onlara peşkəşmi ediləcək?
Növbədə Zəngilandırmı? Oranın da bir hissəsini ermənilərə qaytarıb, öz xəritələrini bir də yeniləyəcəklər?..
Biz yazanda ki, 10 noyabr razılaşması və rus ordusunun Azərbaycana gətirilməsi suverenliyimizə təhdiddir, hakimiyyət məddahları sosial şəbəkələrdə bizə hücum edirdilər.
Bu gün bütün hakimiyyət saytları bir aydan çoxdur bizim yazdıqlarımızın, dediklərimizin həqiqət olduğunu nəhayət etiraf etdilər. Bizə istinad etməsələr də, yazdıqlarımızı və dediklərimizi təkrarladılar.
Aydındır ki, onlara bu barədə tapşırıq verilib. Media strukturlarına bu tapşırığı verən hakimiyyət, həqiqətləriözü dilə gətirməlidir.
Rusiyadan qorxmaq lazım deyil.
Nikol Paşinyan Serqey Şoyqu ilə görüşdə etiraf etdi ki, 44 günlük müharibə ərzində hər gün Rusiyanın dəstəyini hiss ediblər. Ermənistan ordusunun sabiq baş qərargah rəisi Movses Akopyan isə bəyan etdi ki, Rusiya müharibə günlərində Ermənistana Yerevanın xəyal edə bilməyəcəyi qədər silah-sursat göndərib.
Buna rəğmən biz müharibədə qalib gəlmişik.
Biz xalqımızın iradəsini və müttəfiqlərin də dəstəyini toparlayaraq, düşmənə daha bir zərbə endirməliyik. Daha bir zərbə!
Basta