ABŞ ATƏT-in Azərbaycandakı seçki ilə bağlı iradlarını bölüşür

“Biz prezident seçkilərinin əsl rəqabət olmadan məhdud şəraitdə keçirilməsilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının müşahidələrini və narahatlığını bölüşürük”, –  Dövlət Departamentinin nümayəndəsi Turan-a bildirib.

“Azərbaycan öz Konstitusiyasında fundamental azadlıqlara və demokratik proseslərə sadiqliyini ifadə edir. Biz Azərbaycanı bu öhdəlikləri, eləcə də Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”, – Dövlət Departamentinin nümayəndəsi deyib.

ATƏT öz rəyində belə qənaətə gəlib ki, seçkilər “rəqabətsiz” olub və “məhdud mühitdə keçirilib”. Bülletenlərin atılması, dəfələrlə səsvermə, tənqidçi jurnalistlərin həbsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin olmaması  kimi faktlar qeyd olunub”.

***

Fevralin 7-də keçirilən prezident seçkiləri ilə bağli ABŞ-ın Azərbaycandakı səfirliyi də bəyanat yayıb.

“Birləşmiş Ştatlar fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in DTİHB monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür. Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”, – ABŞ səfirliyinin bəyanatında deyilir.

Turan