Azərbaycana 12, Ermənistana 44 hərbi əsir qaytarılıb

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bazar ertəsi bildirib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının komandiri general-leytenant Rüstəm Muradov şəxsən əsirlərin mübadiləsi barədə danışıqlar aparıb, əldə olunmuş razılaşmalar nəticəsində 12 hərbi əsir Azərbaycana, 44-ü Ermənistana qaytarılıb.

 

Bu barədə məlumat yayan Tass agentliyi bildirir ki, cənab Konaşenkov Rusiya sülhməramlı kontingent komandirinin əsirləri Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə Bakı və Yerevana evlərinə apardığını qeyd edib.

 

Onlar arasında 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov da var.

 

“Rusiyalı sülhməramlılar Dağlıq Qarabağdakı münaqişə zamanı itkin düşənlər barədə məlumatların toplanmasında kömək göstərməyə davam edirlər. Məlumatı dəqiqləşdirmək üçün Rusiya sülhməramlı qüvvələrinin zabitləri qaynar xətt vasitəsilə daxil olan 480 telefon danışığı araşdırlıb, vətəndaşlarla 2100-dən çox görüş keçirib,” – İqor Konaşenkov deyib.

 

Bundan əlavə, bildirilir ki, qaçqınların geri qaytarılması davam edir. Ermənistan ərazisindən Qarabağa bir sutka ərzində daha 825 qaçqın, ümumilikdə sülhməramlı əməliyyat zamanı 39 mindən çox insan qayıdıb.

 

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlayan müharibə 44 gün davam edib.

 

Müharibəyə noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan və 10 noyabrdan başlayaraq Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatla son qoyulub.

 

BBC