Vaqif Hacıbəyli: “Qasparyanın Qarabağda nə işi var?”

“Erməni hərbi birləşmələrinin yenidən bizim ərazimizdə yerləşdirilməsinə Azərbaycan rəsmi dairələrinin münasibət bildirməməsi siyasi məsuliyyətsizlikdən başqa bir şey deyil”.

 

Bunu  siyasətçi Vaqif Hacıbəyli özünün feysbuk hesabında yazıb.

 

Hadrut rayonunun Köhnə Taglar və Caylaqqala kəndlərində 160 erməni terrorçusunun Azərbaycan hərbiçiləri tərəfindən tərksilah edilərək saxlandıgı barədə yayılan məlumatları şərh edən Vaqif Hacıbəyli qeyd edib ki, erməni tərəfi burada 73 hərbi qulluqçusunun itkin düşdüyünü açıqlayıb.

 

“Bu olayla əlaqədar erməni tərəfi bizi üçtərəfli bəyanatın şərtlərini pozmaqda ittiham edir. Əslində isə şərtləri pozan erməni tərəfi və Rusiyadır. Bəyanatın ziddinə olaraq, erməni silahlı birləşmələri tərksilah edilməli oldugu halda, tərksilah edilməyib. Üstəlik həmin əraziyə erməni silahlıları onların öz etiraflarına görə, noyabrın 26-da yerləşdirilib. Bütün bu hallarla baglı, Azərbaycan tərəfindən rəsmi məlumat hələlik yoxdur. Halbuki, xarici işlər nazirliyi ən azı bəyanat verib bu və digər hallarla bağlı üçtərəfli bəyanatın şərtlərinin qarşı tərəflərin pozduğunu açıqlamalı idi” – deyə, Vaqif Hacıbəyli vurğulayıb.

 

Vaqif Hacıbəyli Ermənistan Müdafiə nazirliyinin Baş Qərargah rəisi Onik Qasparyanın “yerində tədbirlər görmək” üçün Xankəndinə gəlməsi xəbərinə və Azərbaycan hakimiyyətinin Qarabağda erməni hərbi birləşmələrinin yerləşdirilməsini sükutla qarşılamasına da münasibət bildirib: “Qasparyanın Xankəndində nə işi var? Niyə Ermənistan hərbi rəhbərliyi Xankəndini su yoluna döndərib? Əgər bəyan edildiyi kimi, biz Azərbaycanın dövlət suverenliyini onun bütün ərazisində bərpa etmişiksə, erməni hərbi birləşmələrinin yenidən bizim ərazimizdə yerləşdirilməsinə Azərbaycan rəsmi dairələrinin münasibət bildirməməsi siyasi məsuliyyətsizlikdən başqa bir şey deyil”.

 

Basta