Paşinyan Ermənistanın məğlubiyyətinə görə Rusiyanı günahlandırır
Ermənistanın baş nazirı Nikol Paşinyan özünün rəsmi saytında dərc etdiyi geniş məqalədə digər məsələlərlə yanaşı 44 günlük müharibədə Rusiyanın rolu barədə yazıb.
“44 günlük müharibənin mənbələri” adlı məqaləsində, Nikol Paşinyan Rusiyaya qarşı açıq ittiham irəli sürməsə də, Ermənistan üçün faciə kimi qiymətləndirdiyi bu nəticənin əslində Rusiyanın planı olduğunu ifadə edib.
Nikol Paşinyanın bu kontekstdə yazdıqlarının xülasəsini təqdim edirik:
– 2015-ci ildən sonra Rusiya Ermənistana 7 rayonu qaytarmağı, Qarabağa sülhməramlı gətirməyi təkid edib. Qarabağın statusu isə Rusiyanın gündəmində olmayıb.
– Ukrayna və Suriyada olanlar Rusiya ilə Qərbin arasında gərginliyi artırıb. Moskva sanksiyalarla üzləşib və bu, Qafqazı Rusiya üçün ikinci plana keçirib.
– Rusiya Qarabağ münaqişəsini uzatmaqda ittiham edilirdi və bundan bezmişdi. Rusiyanın bu mövqeyinə gorə Azərbaycan Qarabağ məsələsində getdikcə daha prinsipial mövqe tutub.
– 2016-cı ilin yanvar ayında Rusiyanın planı Ermənistana rəsmən təqdim edilibmiş. Sarksyan-Köçaryan hakimiyyəti bundan imtina edib. Bundan sonra aprel döyüşləri baş verib.
– 2018-ci ildə, o hakimiyyətə gəldikdən sonra Rusiyanın bu mövqeyini dəyişmək üçün çox çalışıb. Ermənistan 2019-cu ildə Suriyaya sapyor və hərbçilər göndərib. Lakin dəyikəyişikliyə nail ola bilməyib.
Məqalənin qalan hissəsi sülh danışıqlarının tarixinə aiddir. Paşinyan sübut etməyə çalışır ki, Ermənisranın indiki məğlubiyyətində tək o yox, əvvəlki iqtidarlar da ğunahkardır.
Qeyd edək ki, qonşu ölkədə bir çoxları Ermənistanın məğlubiyyətinə görə Rusiyanı günahkar sayır. Lakin Paşinyan müharibədən dərhal sonra Rusiya xarici işlər naziri Serqey Lavrov və müdafiə naziri Serqey Şoyqunu qəbul edərkən jurnalistlər qarşısında “Biz müharibə vaxtı hər gün Rusiyanın dəstəyinı hiss etmişik” deyə, açıqlama vermişdi.
Basta