Müsavat Ermənistanla bu formatda danışıqlara son qoyulmasını tələb edir

Yanvarın 11-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, video-konfrans rejimində keçirilən iclasda  əvvəlcə yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının arasında aparılan danışıların gündəliyi müzakirə olunub.

 

Qeyd edilib ki, danışıqlarda hansısa razılaşmanın əldə olunub-olunmadığı iclasın getdiyi anda hələ məlum olmasa da,  görüşün formatı Azərbaycanın maraqlarına uyğun deyil. Müsavat Partiyası hesab edir ki, əgər Ermənistanla danışıqlar aparmaq zəruridirsə, bu danışıqlar ya vasitəçi olmadan rəsmi Bakı və rəsmi Yerevanın iştirakı ilə aparılmalıdır. Əgər Ermənistanın mövqeyini müdafiə edən Rusiya danışıqlarda vasitəçi kimi iştirak edirsə, bu halda Türkiyənin iştirakı şərt olaraq irəli sürülməlidir. Müsavat Partiyası indiki formatda danışıqlara son qoyulmasını tələb edir.

 

Divanın toplantısında COVİD-19 pandemiyası ilə bağlı son vəziyyət müzakirə olunub, bir aydan artıqdır dünyanın onlarla ölkəsində peyvəndləşmənin start götürtüyü halda, Azərbaycanda bu prosesə başlanılmaması pislənilib.

 

İclasda yanvarın 20-də Şəhidlər Xiyabanının ziyarət olunması ilə bağlı məsələ müzakirə olunub, bununla əlaqədar son qərarın Divanın gələn iclasında verilməsi razılaşdırılıb.

 

Müsavat Partiyası şəhid ailələri və Qarabağ qazilərinin diqqətdən kənarda qalması, bəzi hallarda dövlət orqanları tərəfindən haqsızlıqla üzləşməsi haqqında yayılan məlumatlardan narahatlığını ifadə edir, hakimiyyətin bu məsələdə xüsusi həssaslıq göstərməsini zəruri sayır.

 

İclasda həmçinin təşkilati məsələlər müzakirə olunub, Divan üzvlərinin müvafiq rayon təşkilatlarına təhkimçiiyi ilə bağlı qərar qəbul olunub.

 

Sonda cari məsələlərə baxılıb.

 

Basta