Navalnını zəhərləyən FTX zabitləri daha üç nəfərin qətlində iştirak ediblər – Araşdırma
Rusiyada müxalif siyasətçi Aleksey Navalnını izləyən və zəhərlənməsini təşkil etdiyi iddia edilən Federal Təhlükəsizlik Xidmətinin (FTX) bir qrup zabiti daha bir neçə nəfərin qətlində iştirak ediblər. Bu haqda Bellingcat və The Insider tərəfindən Der Spiegel ilə birlikdə apardığı yeni araşdırmada deyilir.
Araşdırmaçılar həmin zabitlərin jurnalist Timur Kuaşev, siyasətçi Nikita Isaev və ictimai fəal Ruslan Maqomedraqimovun ölümündə iştirak etdiyini düşünürlər. Hər üç halda, rəsmi ölüm səbəbinin zorakılıq olmadığı deyilib, lakin hadisələrin baş verdiyi şərait hər üç halda şübhə doğurur, üstəlik FTX zabitlərinin marşrutları öldürülənlərin marşrutları və ya olduğu yerlərlə üst-üstə düşür.
Timur Kuaşev
Jurnalist və hüquq müdafiəçisi Timur Kuaşev 1 avqust 2014-cü ildə Nalçik kənarında ölü tapılb. Onun qoltuğunun altında şprislə vurulan iynənin izi tapılıb, üzündə və dizlərində sıyrıqlar və xəsarət izləri olub, lakin rəsmi ölüb səbəbi kimi kəskin koronar çatışmazlığı göstərilib.
Araşdırmaçılar, təyyarə biletlərini analiz edərək Kuaşevin ölümünü FTX qrupu ilə əlaqələsini üzə çıxarıblar: Konstantin Kudryavtsev 13 iyulda Nalçikə gəlib, İvan Osipov 22 iyulda Mineralnıye Vodıya, Denis Maçikin və Roman Matyuşin 29 iyulda Vladikavkaza gəliblər. Matyuşin, Maçikin və Kamçazov Moskvaya 30 iyul, Osipov isə 31 iyulda gəlib. Hamısının ayın 31-i üçün dönüş biletləri olub, lakin sonradan hamısı bir gün sonra dəyişdirdi.
Araşdırmaçılar bu qənaətə gəlib ki, görünür, əməliyyatda nəsə planlaşdırıldığı kimi getmədiyi üçün dönüş bir gün ertələnib.
Bellingcat və The Insider, Kuaşevin son dəfə sağ görüldüyü evdən cəsədin tapıldığı yerə qədər olan bütün kameraların söndürüldüyünü müəyyən edib. Zəhərlənmə versiyasının yoxlanılması çərçivəsində, Kuaşevin qan nümunələri FTX-nin Moskva Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən araşdırılıb. Bura isə məhz adıçəkilən FTX qrupunun bir neçə üzvünün çalışdığı yerdir.
Təhqiqatçılar, Kuaşevin bölgədəki nadir araşdırmaçı jurnalistlərdən biri olduğunu və onun aradan götürülməsində maraqlı şəxslərin çox olduğunu qeyd edirlər. Kauşev 2005-ci ildə Nalçikə qanunsuz silahlı qruplaşmanın hücumuna dair 2014-cü ildə keçirilən məhkəmə prosesini işıqlandırıb. İnsan hüquqları müdafiəçiləri bu məhkəmədə çoxsaylı qanun pozuntularından bəhs ediblər.
Araşdırmaçılar hesab edir ki, Kauşevin bu məhkəmə prosesi ilə bağlı yazıları, FTX-nin diqqətini onun personasına yönəldə bilərdi.
Nikita İsaev
Yeni Rusiya hərəkatının lideri və Ədalətli Rusiya partiyasınin sədri Sergey Mironovun müşaviri Nikita İsaev 16 Noyabr 2019-cu il tarixində Tambov-Moskva qatarında ölüb. Rəsmi ölüm səbəbi kimi infarkt göstərilib.
Navalnıyı izləyən FTX zabitlərinin uçuş məlumatlarını incələyən təhqiqatçılar, İsaevin Tambova son səfəri dövründə həmin qrup üzvlərinin Tambova bilet almadıəlarını qeyd edirlər. Lakin qrup üzvlərindən birinin telefonunun metadatası onun siyasətçi ilə eyni vaxtda bu şəhərdə olduğunu göstərib. Araşdırma müəllifləri FTX zabitlərinin Tambova ya başqa ad altında, ya da maşınla gedə biləcəyini ehtimal edirlər …
Bellingcat və The Insider, İsaevin “Kremlə tamamilə sadiq bir siyasətçi” olduğunu qeyd edir və “hökumətyönlü” vətənpərvərin “FTX-ni necə məmnun edə bilməməsi” ilə bağlı açıq bir izahatları olmadığını etiraf edirlər. Araşdırmaçılar, “hipotetik olaraq” İsaevin Xarici Kəşfiyyat Xidmətində işləyə biləcəyini və qətlin səbəbinin xüsusi xidmət orqanları tərəfindən “xəyanət” kimi şərh edilmiş bəzi hərəkətləri ola biləcəyini yazırlar.
Ruslan Maqomedraqimov
Sadval ictimai hərəkatının fəalı Ruslan Maqomedraqimov 24 mart 2015-ci il tarixində Dağıstanın Kaspiysk şəhərində avtomobilində ölü tapılıb. Zorakılıq izləri tapılmasa da, rəsmi versiyaya görə o, boğularaq ölüb. Mərhumun yaxınlarının dediyinə görə, boynunda şprislə vurulan iynənin izi aşkarlanıb.
Araşdırmaçılar qrup üzvlərindən biri olan İvan Osipovun 2014-cü ilin yanvarında Mahaçqalaya iki dəfə uçduğunu və aktivistin ölümündən dörd gün əvvəl və Moskvaya qayıtdıqdan iki gün sonra bu dəfə Vladikavkaza uçduğunu aşkar ediblər. Qrupun digər üzvü Konstantin Kudryavtsev də qətldən bir həftə əvvəl şəhəri ziyarət edib.
Maqomedraqimovun ölümündən bir il sonra Sadval sədri Nazim Hacıyev mənzilində ölü tapılıb – rəsmi ölüm səbəbi kimi çoxsaylı bıçaq xəsarətləri göstərilib. Araşdırmanın müəllifləri, “Ləzgistan” muxtariyyətinin yaradılması yolu ilə Rusiya və Azərbaycan ləzgilərinin birləşməsi ideyasını müdafiə edən təşkilatın FTX tərəfindən hədəfə alına biləcəyini ehtimal edirlər.
Mustafa Hacıbəyli
Basta