Körpə gəlinlər

 

 

İnsanların düşüncə, ifadə və digər fundamental azadlıqlarını onlara kiçik yaşlarından aşılamaq lazımdır. Əksi olarsa insanın bu azadlıqlara haqqı olduğundan xəbərsiz olması onun əxlaq dünyasına da təsir edir, şəxsiyyət kimi formalaşmasına, natamamlıq sindromu ilə üz-üzə qalmasına səbəb olur.

 

Gerçək bir həyat hekayəsi ilə mövzuya girş etmək istəyirəm.

 

-17 yaşım vardı, məşğələ-ev-məktəb rutini ilə baş açmağa vaxtım yoxuydu. Boş vaxtlarımı da normal olaraq evdə kitab oxuyaraq keçirirdim.

 

Bir gün Dümanisidən olan qonşumuzun gözəl-göyçək qızı 9 yaşlı Sofya bizə gəldi. Birdən gözləmədiyim halda mənə belə bir sual verdi.

 

-Ay Könül, sənin neçə yaşın var?

 

-17

 

Təəccübünü gizlətmədi.

 

-Sənin yaşın keçib, evdə qalmısan. Bir eşiyə çıxsana, bəlkə səni görüb alarlar.

 

Sofiyanın sözünə gülüb, balaca qızcığazın uşaq ağlı ilə sərsəmlədiyini düşünüb fikir verməmişdim.

 

Sofiyanın 12 yaşı olanda nişanlandığını eşitdim.

 

Dəhşət içində idim.

 

-Sofiya artıq nişanlandı?

 

Onun mənə yaşın keçib deyərək ciddi-ciddi tənə vurduğunu illər sonra anlamışdım.

 

Sofya çevrəsinin, yaşadığı toplumun siması idi. Ona görə 17 yaşında ailə qurmayan qız artıq yaşı keçmiş sayılırdı.

 

İndi gündəm olan 12 yaşlı gəlinin simasında Sofyanı görürük. O da ərə getməyə Sofya kimi həvəslidir. Onu gözləyən ağrılı-acılı evlilik günlərini indi xəyal belə etmir.

 

 

-Ona elə gəlir ki, onun çiyninə qırmızı şal atıb, başına güllü daraq taxan, ətir şüşəsini açıb üstünə püskürən pedofil xalalar onu həmişə əzizləyəcək – evlilik həyatı, ailə elə bu deməkdir.

 

-Ona elə gəlir ki, gəlin olmaq elə bu toy bayramdan, qırmızı yaylıqdan, qırmızı dondan ibarətdir.

 

Sofyanın sonrakı taleyi haqda məlumatsızam. Onun hələ çox illər sonra əsl evlilik çağına çatmış qız olmalı olduğu halda artıq çoxdan bir neçə uşaq doğmuş, bədən quruluşu korlanmış, orta yaşlı qadın skleti almış halını təsəvvür etmək acı verir…

 

Vaxtından əvvəl cinsi həyata başlayan uşaqların reproduktiv sağlamlıqla bağlı yaşayacağı problemləri təsəvvür etmək çətin deyil.

 

12 yaşında qızcığazın özü uşaq ikən uşaq doğmağa hazırlanması, ona yengəlik edən pedofillərin cəzasız qalması bundan sonra da daha çox Sofyalardan “uşaq gəlinlər” düzəldiləcəyinə işarədir.

 

Körpə qızların ərə verilməsinin səbəbləri çox sadədir.

 

Gürcüstanda yaşayan azərbaycanlı ailələrində, həmçinin Azərbaycanın cənub bölgələrində qız uşaqlarının kütləvi təhsildən yayındırılması halları mövcuddur.

 

O körpə gəlinlərin valideynləri övladlarına ali, ən azı orta təhsil vermək yox, daha tez ərə vermək eşqindədir.

 

Uşağı təhsil hüququ, gələcək həyat yoldaşını valideynlərinin deyil özünün seçmək hüququ olduğundan xəbərdar etmədən, təhsildən yayındırmaq, həddi büluğa çatdırmadan ərə vermək onu diri-diri torpağa basdırmaqdır.

 

Fərdi hərəkətə gətirən səbəb onun düşüncə və arzularından qaynaqlanmırsa məsuliyyət daşımır. Onun duyğu və düşüncələrini özündə ehtiva edən fikri yoxdursa demək etdiyinə sövq edilib, vadar edilib.

 

Azyaşlı qızları evliliyin mahiyyətini dərk etmədən ailə yükünü zərif(zəif!) çiyinlərinin altına vermək övlad qatilliyidir. Məsuliyyət yükü sövq edənlərdədir.

 

Bu qəbildən olan tiplər yüz faiz gəlin köçürəndə ‘getdiyin evdən ancaq ölün çlxacaq’ öyüdünü də verib yola salırlar…

 

Səbəbkarlar o qədər çoxdur ki…

 

…övladından bezmiş ailə, hüquqsuz hüquq sistemi. Daha kimlər, kimlər.

 

Təhsil Nazirliyi məsələni diqqətdə saxlamalı, azyaşlılara nigaha girənlər, sövq edənlərin barəsində cinayət əməli olduğu duyurulmalı, cəza mexanizmi işə düşməlidir.

 

12 yaşlı gəlin cinayəti ilə bağlı Gürcüstanın əlaqəli orqanları da ölçü götürsün deyəcəyəm ki, biz bu günəcən heç öz ölkəmizdəki pedofillərin cəzalanmasına nail ola bilməmişik, başqa dövlətə necə söz keçirək?…

 

Sonda sözüm valideynlərədir.

 

-Qızlarınıza qıymayın, çiçək ikən çayıra göndərməyin, günahdır.

 

Könül Alı

 

Basta