Arif Hacılı bir də dünyaya gəlsəydi… – 60 yaşlı siyasətçi ilə müsahibə
Müsavat Partiyasının başqanı Arif Hacılının 60 yaşı tamam olub.
Partiya başqanı Qaynarinfo-ya müsahibəsində yubileyinin Azərbaycan cəmiyyətinin diqqətindən kənarda qalmayacağını deyib.
– Səhhətim baxımından demək olar ki, hər şey qaydasındadır. Bütövlükdə, ümumi əhval-ruhiyyəyə gəldikdə isə təbii ki, problemi olmayan insan, problemi olmayan cəmiyyət yoxdur. Problemlərlər, həll edilməli olan vəzifələr kifayət qədər narahatlıq doğursa da, özümdə bu problemləri həll etmək üçün yetərli güc və ya enerji hiss edirəm.
– 60 illik yubileyinizi qeyd edəcəksiniz?
– Yəqin ki, dostlarımızın dar çevrəsində bir məclis təşkil edəcəyik. Ümumiyyətlə, mənim kifayət qədər dostlarım, silahdaşlarım, yaxınlarım, qohumlarım var ki, onlar artıq dünəndən məni təbrik etməyə başlayıblar. Onların hamısına əvvəlcədən təşəkkürümü bildirirəm. Hesab edirəm mənim 60 yaşımın tamam olması Azərbaycan cəmiyyətinin diqqətindən kənarda qalmayacaq və bu məni çox məmnun edir.
– Müsavat Partiyasının başqanı olaraq yubileylə bağlı dövlətdən, dostlardan nə gözləyirsiniz?
– Kifayət qədər mürəkkəb və eyni zamanda maraqlı həyat yaşamışam. Həyatda ən yüksək mövqelər tutduğum və dövlət idarəçiliyində həlledici rol oynayan, Azərbaycan siyasətini müəyyənləşdirən bir neçə şəxsdən biri olmaq da nəsibim olub. Eyni zamanda ölüm korpusunun təkadamlıq kamerasında olmaq da nəsibim olub. Yəni dünyanın hər cür üzünü görmüşəm. Mənim üçün ən böyük dəyər, ən böyük hədiyyə Azərbaycan xalqının, cəmiyyətinin mənim fəaliyyətimə verdiyi qiymətdir. Cəmiyyətin, xalqımızın mənim fəaliyyətimə verdiyi qiymətdən kifayət qədər razıyam və hesab edirəm ki, xalq mənim əməyimi, fəaliyyətimi, zəhmətimi yüksək qiymətləndirib. Bunun nəticəsidir ki, 28 yaşımda Azərbaycanın millət vəkili seçilmişəm. 30 yaşımda Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri seçilmişəm. Bundan sonra da istər 1995-ci ilin təkrar seçkilərində, istərsədə 2000-2005-ci illərdə çox yüksək səs toplayaraq millət vəkili seçilmişəm. Parlamentə buraxılmasam da, mənim üçün ən vacib olan məsələ xalqın etimadını qazanmaq, seçkidə iştirak edən seçicilərin əksəriyyətinin səsini almaq ən böyük hədiyyədir.
– Arif bəy, siz ixtisasca jurnalistsiniz. Bəlkə də həmin vaxtlar qələmi ilə tanınan və sevilən jurnalistlərdən biri də siz ola bilərdiniz? Amma jurnalistikanı deyil, siyasəti seçdiniz. Sirr deyilsə, niyə?
– Jurnalistika ilə ali məktəbə daxil olmamışdan öncə məşğul olmuşam. Mənim ilk məqaləm 14 yaşım olanda 1976-cü ildə Zaqatalada yerli mətbuatda dərc olunub. Ondan sonra istər yerli mətbuatda, istər Azərbaycan mətbuatında bir çox yazılarım dərc olunub. Bir müddət Zaqatalada yerli radio verilişlərin redaksiyasında redaktor işləmişəm. Ancaq siyasətə gəlməyim 1988-ci il Bakı şəhərində keçirilən mitinqlərdən başlayıb. Noyabr ayının 15-16-da Sabir bağında keçirilən mitinqlərdə də iştirak etmişəm. 1988-ci il Noyabr mitinqlərində əvvəldən-axıradək iştirak etmişəm. Xüsusi ilə həmin dövrdə Azərbaycana qarşı Ermənistanın ərazi iddialları, bu məsələlərdə Moskva hakimiyyətinin tutduğu ədalətsiz mövqe Azərbaycanın ərazi bütövlüyü və istiqlalı ilə bağlı düşüncələrim siyasətə gəlməyimə səbəb olub. Siyasətə gəlmə tariximi 1988-ci ilin noyabr ayının 22-nə aid edirəm. Həmin gündən sonra siyasətlə məşğul olmuşam. Əslində jurnalistka ilə siyasət bir-birinə qohum olan peşələrdir. Xatırlayıram ki, biz universitetdə oxuyanda jurnalistikaya giriş adlı bir dərslikdən imtahan verirdik. Həmin dərslikdən ixtisasımızı öyrənirdik. Dərsliyin birinci cümləsi “jurnalist ictimai – siyasi xadimdir” cümləsi ilə başlayır. Yəni jurnalist həm də siyasətlə məşğul olan şəxsdir. Jurnalsit olaraq özümü ifadə etmək, fikirlərimi, düşüncələrini cəmiyyətə çatdırmaq istəyirdim. Siyasətçi olaraq da elə demək olar ki, bu işlə məşğulam, həm cəmiyyət üçün, eyni zamanda fikirlərimi, enerjimi, öz bacarığımı cəmiyyətin inkişafı üçün sərf etməyə cəhd göstərirəm.
– Sizcə jurnalistika itirib, yoxsa Arif Hacılı?
– Siyasətçi ilə jurnalist fəaliyyəti bir-birinə qohumdur. Bir çox məsələlərə münasibət bildirmək baxımından elə həm də jurnalistikaya aid olan funksiyaları həyatı keçirtməklə məşğulam. Əgər sırf jurnalistika peşəsi ilə məşğul olsaydım, düşünmürəm ki, cəmiyyət üçün indi gördüyüm işlərdən daha vacib işlər görə bilərdim. Çünki siyasətçi olaraq mən həm də jurnalist kimi görə biləcəyim fəaliyyəti həyata keçirmək, yerinə yetirmək imkanlarına malikəm.
– 60 il insan ömrünün yarısı deməkdir. Bununla razılaşırsınız?
– Məncə yox, insan həyatının ən enerjili dövrü onun təxminən 30-50 yaşları arasında olan dövrüdür. Həm sağlamlıq baxımından, həm enerjili olmaq, eyni zamanda kifayət qədər biliklərə, vərdişlərə yiyələnib hansısa işləri görmək üçün ən uğurlu yaş dövrü 30-50 yaş arasına aid edirəm. Təbii ki, sonrakı mərhələrlərdə də həyat təcrübəsi insanın fəaliyyətinə yardımçı olur. Nə qədər ki, çan sağlığım imkan verir, öz peşə fəaliyyətimi davam etdirmək niyyətindəyəm.
– Bu illər ərazində istədiyiniz, ürəyinizcə olan bir həyatı yaşadınız, yoxsa Sizi bu cür həyatı yaşamağa məcbur edənlər oldu?
– Heç kəs həyatından tam şəkildə razı deyil. İnsanlar həmişə qarşılarına qoyduğu məqsədlərə tam şəkildə nail ola bilmirlər. Bizim həyatımız mövcud problemləri həll edərək yaşamaqdan ibarətdir. Biz problemləri həll edə-edə yaşayırıq, sonra problemləri həll edib yekunlaşdırmadan bu dünyadan gedirik. Bizdən sonra gələn nəsillər də bu problemləri həll edə- edə yaşayırlar. Onlar da problemləri həll edib başa çatdırmayacaqlar. Bütövlükdə insan həyatı problemləri həll etməkdən, daha ciddi işlər görmək, həyatı, şəxsi həyatını, cəmiyyətin həyatını yaxşılaşdırmaq uğrunda gedən mübarizədən ibarətdir. Bu baxımdan hesab etmirəm ki, qarşıma qoyduğum bütün məqsədlərə nail olmuşam. Amma məqsədyönlü şəkildə daima qarşıma qoyduğum hədəflərə çatmaq uğrunda fəaliyyət göstərmək imkanlarım olub. Hətta uzun illər həbsxanada olduğum dövrlərdə də hədəflərim uğrunda mübarizəni, hərəkəti bir anda da dayandırmamışam. Bu baxımdan indiyədək yaşadığım 60 illik həyatı uğurla yaşadığım qənaətindəyəm.
– Həyatınızı mübarizəyə həsr etdiyinizə görə peşiman deyilsiniz ki?
– Qətiyyən yox, insan həyatını nəyəsə həsr etməlidir. Bəzən deyirəm ki, əgər biz öz həyatımızı yaşadığımız toplumun, yaşadığımız dövlətin nümayəndəsi olduğu xalqın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə sərf etməyəcəydiksə, bəs nəyə həsr edəcəydik? Bundan daha ülvi məqsəd, böyük hədəf ola bilərmi? Hesab edirəm, qarşıma qoyduğum hədəflər ən mühüm, vacib olan hədəflərdir və həyatımı bu hədəflər uğrunda mübarizəyə həsr etdiyimə görə məmnunam.
– Bu 60 ildə dönüb geri baxanda “nəyisə, hardasa düz etmədim” deyə ailənizə, övladlarınıza, həyat yoldaşınıza hər hansı bir hesabatınız, etirafınız olubmu?
– Hesabatım da olub, etirafım da, hələ bir səhvlərim də. Əgər 20-30 yaşımda indiki təcrübəm, ağlım olsaydı, bir çox məsələləri etdiyim kimi deyil, daha yaxşı edərdim, səhvlər buraxmazdım. Ancaq etiraf etdiyim və etiraf etmədiyim elə bir səhvim yoxdur ki, ona görə ağır iztirablar keçirim. Müəyyən səhvlərim var. Bir çox hadisələr var ki, orada öz davranışlarımın fərqli olmasının daha uğurlu olacağı qənaətindəyəm.
– Siyasətçilərin, xüsusi ilə də müxalifət partiyalarının sədrlərinin günü meydanlarda, mitinqlərdə və həbsxanalarda keçir, bu üzdən övladlarına, həyat yoldaşlarına lazımınca vaxt ayıra bilmirlər. Siz necə bir ata, həyat yoldaşı oldunuz, övladlarınıza istədiyi həyatı verə bildinizmi?
– Ailəyə bağlı bir adamam. Hesab etmirəm ki, mən ailəm üçün lazım və mümkün olan hər şeyi etmişəm. Ailəm üçün çox ciddi problemlər yaratdığım dövrlər olub. Ailə üzvlərimə qarşı axtarış tədbirlərin həyata keçirildiyi, hətta ailə üzvlərimin girov götürüldüyü dövrlər də olub. İstər həyat yoldaşım, istər övladlarım olanlara dözüblər, həbsxanada olduğum dövrdə onlar ciddi sarsıntılar keçiriblər, ağır həyat tərzi yaşamağa məcbur olublar. Ancaq istər ailəm, istərsə də yaxın qohumlarım baxımından özümü şanslı adam hesab edirəm. Nə qohumlarım, nə də ailə üzvlərim tərəfindən bu fəaliyyətimə görə heç vaxt qınaqlarla üzləşməmişəm, onlar tərəfindən heç vaxt fəaliyyət növümü dəyişmək, mübarizəni dayandırmaq kimi təkliflər irəli sürülməyib. Əksinə, mənim fəaliyyətimlə qürur duyduqlarını bildirib və maksimum mənə yardımçı olmağa çalışıblar.
– Sonda – Arif Hacılı dünyaya bir də gəlsəydi, siyasəti seçərdi, yoxsa jurnalistikanı?
– Yəqin ki, eyni dövr olsaydı, təbii ki, siyasəti seçərdim.
Bahar Rüstəmli, Qaynarinfo