Müsavatdan polis özbaşınalığına etiraz
Fevralın 15-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlərlə əlaqədar məlumat dinlənilib.
İclasda Azərbaycanda qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub, yeni sayğaclarda sərfiyyatın çox göstərildiyi haqda yayılan məlumatlardan narahatlıq ifadə edilib.
Qarabağda son durum və məcburi köçkünlərin qaytarılması qaydalarına dair təkliflərin müzakirəsi davam etdirilib.
Divan fevralın 14-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müsavatçıya məxsus özəl ofisə polis basqını və orada 5 nəfərin saxlanması ilə bağlı bəyanat qəbul edib.
Sənəddə deyilir:
Fevralın 14-də gecə saat 22 radələrində Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Nizaməli Süleymanova məxsus özəl ofisə 20-yə yaxın mülki və polis formasında olan şəxslər qanunsuz olaraq basqın ediblər. Polislər “Zeytun kənd özəyi”nin fəal üzvü Nizaməli Süleymanovu, Akif Süleymanovu və digər 3 nəfəri Suraxanı Polis İdarəsinin 30-cu polis bölməsinə aparıblar.
Onlar qanunsuz olararaq 16 saata yaxın polis bölməsində saxlanılıb, psixoloji təzyiqə üzləşiblər, keçirilən iclasla əlaqədar izahatları alındıqdan sonra sərbəst buraxılıblar.
Bu hadisələr müxalifət nümayəndələrinə xüsusi işgəncə verməklə məşhurlaşan Süleyman Nemətovun Suraxanı Polis İdarəsinə rəis təyin edilməsindən sonra baş vermişdir.
Siyasi hakimiyyət pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərdən istifadə edərək, müxalifətə qarşı represiv tədbirləri davam etdirir. Bütün bunlar Azərbaycan Konstitusiyasına, eləcə də dövlətin üzərinə götürdüyü insan hüquqları ilə bağlı pozitiv öhdəliklərə ziddir.
Müsavat Partiyası siyasi hakimiyyətdən bu qanunsuzluqlara son qoyulmasını, polisin siyasətə müdaxiləsinin qarşısının alınması və insan hüquqlarına hörmət olunmasını tələb edir”.