“İskəndər” raketləri niyə partlamayıb? Paşinyandan Rusiyaya atmaca

Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə verdiyi ilk müsahibəsində 44 günlük müharibə ilə onun ünvanına irəli sürülən ittihamlara cavab verib.

 

Qərbyönümlü 1in.am nəşrinə müsahibəsində, o, Rusiyadan alınan “İskəndər” raket komplekslərindən istifadə olunmaması ilə bağlı keçmiş prezident Serj Sarkisyanın bundan əvvəl irəli sürdüyü ittihama  qəribə bir eyham ilə cavab verib.

 

Paşinyan deyib ki, əslində bu sualın cavabını Sarkisyan özü yaxşı bilir: “Qoy sual versin, İskəndər raketi niyə partlamadı? Yoxsa niyə, məsələn, cəmi 10% partladı?”.

 

Müşahidəçilərin fikrincə, Paşinyan əslində Rusiyadan alınan silahların, o cümlədən “İskəndər” raketlərinin keyfiyyətsiz olmasına işarə edib, sadəcə bunu açıq demək istəməyib.

 

Müsahibəsinin davamında o bildirib ki, 2018-ci ildən sonra Ermənistan ordusunu korrupsionerlərdən təmizləmək üçün bir sıra addımlar atıb. Paşinyan 2018-ci ildə ordudakı korrupsiya faktı ilə əlaqədar açılan təxminən min cinayət işinin məhz silah satınalma  ilə bağlı olduğunu xatırladıb.

 

Paşinyan eyni zamanda etiraf edib ki, onun hökuməti ordunu müasir və keyfiyyətli silahlarla təmin edə bilməyib.  Baş nazir Serj Sarkisyanın əvvəlki hökumət tərəfindən hazırlanan yenidən silahlanma planını dəyişdirmək ittihamlarını da rədd edib. Onun sözlərinə görə, bu doğru deyil və plan dəyişməyib.

 

“Biz planda yaza bilərik ki, keyfiyyətli silah əldə etməliyik, amma bunu bizə kim satacaq? Bu vacib bir məsələdir, çünki yeni silahlar və texnologiya əldə edilərkən, bunu müttəfiqlər və dostlar birmənalı qarşılamaya bilər, ona görə müəyyən siyasi və diplomatik addımlar atmaq lazım gəlir”.

 

Paşinyanın bu sözlərindən anlaşılır ki, Ermənistanın başqa ölkələrdən daha keyfiyyətli silahlar almaq planı olsa da, Rusiyanın məsələni “birmənalı qarşılamayacağını” nəzərə alaraq  ehtiyatlı və ləng davranıblar.

 

Basta