“Ona savadına görə “Yapon” deyirdilər” – Vəkil Adil İsmayılov haqqında film çəkilib – Video

Adam var barəsində istəsən də, hətta öləndən sonra da yaxşı heç nə danışa bilmirsən. Adam da var barəsində yaxşı danışmağa ehtiyac yoxdur, elə olanı desən, yetərlidir – Adil İsmayılov.

 

Azərbaycanda ilk müstəqil hüquq mərkəzinin rəhbəri, əfsanəvi vəkil mərhum Adil İsmayılov haqqında film çəkilib.

 

Jurnalist Ülviyyə Tahirqızının müəllifi olduğu 32 dəqiqəlik bu filmdə bir sıra ictimai xadimlərin Adil İsmayılov haqqında fikirlərinə yer verilib, onun portreti cızılıb.

 

Filmi təqdim edirik:

 

 

Adil İsmayılov 1957-ci il iyulun 5-də Göyçay şəhərində anadan olub. Bakı şəhərində S.S.Axundov adına 172 saylı orta məktəbdə təhsil alıb. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aləb.

 

Əmək fəaliyyətinə 1978-ci ildən prokurorluq orqanlarında başlamışdır. Sumqayıt şəhər prokurorluğunda baş müstəntiq, daha sonra 1983-cü ildə Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq kimi çalışmışdır. 1991-ci ilin sentyabrında öz xahişi ilə prokurorluq orqanlarından ayrılaraq vəkil olaraq fəaliyyətə başlamışdır.1995-ci ildə “ADİSAD” hüquq firmasını təsis etmişdir.

 

Vəkil kimi bir sıra məşhur məhkəmə proseslərində iştirak etmişdir. Adil İsmayılov 1993-cü ildə həbs edilən İsa Qəmbərin, keçmiş daxili işlər naziri İskəndər Həmidovun vəkili olub.

 

Adil İsmayılov 2008-ci ildə “Qanuni Absurdlar” adlı kitab yazmışdır.Kitabda Azərbaycan Respublikasının Cinayət Məcəlləsindəki boşluqlar,bu Məcəllə ilə başqa Məcəllə arasındakı bəzi ziddiyətli məqamlar müəllif tərəfindən özünəməxsus şəkildə şərh edilmişdir.

 

2005-ci ildə “Qara kəmər” əməliyyatında DİN generalı Zakir Nəsirovun, 2006-cı ildə Macarıstanda azərbaycanlı hərbçi Ramil Səfərovun, 2015-ci ildə “MTN işi”ndə general Sübahir Qurbanovun hüquqlarını müdafiə edib.

 

2020-ci ildə koronavirusdan vəfat edib.

 

Allah rəhmət eləsin.

 

Basta