Bir sıra saytlar Media Reyestrində qeydiyyata düşə bilmir – Ekspertin şərhi
«Media haqqında» yeni Qanuna uyğun olaraq oktyabrın 14-də Media Reyestri fəaliyyətə başladı.
Qeydiyyat üçün müraciət edən saytlardan bir çoxusu artıq pozitiv cavab alsalar da bir neçə sayta Medianın İnkişafı Agentliyi (MEDİA) imtina cavabı verib.
Bir müddət əvvəl Agentlikdən bildirilib ki, fəaliyyət göstərən KİV-lər «Media haqqında» Qanunun 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər.
Qanunun 62.2-ci maddəsinə uyğun olaraq MEDİA Agentliyinə rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsi məhkəmə qaydasında mübahisələndirilir.
Artıq Media Reyestrində qeydiyyat üçün müraciət edən, amma imtina almış bəzi saytların rəhbərləri hesab edir ki, həmin imtina cavabları obyektiv deyil.
24saat.org saytının rəhbəri Vüqar Qurdqanlı hesab edir ki, imtinanın səbəbi saytın fəaliyyəti ilə bağlı deyil, sadəcə bəzi media resurslarını sıradan çıxarmaq məqsədini daşıyır.
Onun sözlərinə görə, MEDİA 24 saat.org Məhdud Məsuliyyətli Cəmiyyətinə qeydiyyatla bağlı imtina qərarını verib. «Bizim saytımız bütün kriteriyalara uyğundur. Saytın iki domeni var – 24saat.org və az.24saat.org. Çünki bizim 24saat.org domenimiz heç bir məhkəmə qərarı olmasada Azərbaycanda bloklanıb. Ona görə də oxucular saytımızı oxuya bilsin deyə az.24saat.org domeni işə qoşmuşuq».
Sayt rəhbəri qeyd edib ki, ilk dəfə qeydiyyat üçün müraciət edəndə müraciət baxılmamış saxlanılıb və baxılma müddəti ötürülüb. «İkinci dəfə hər iki domen üçün müraciət edəndə isə bildirilib ki, saytın davamlılığı yoxdur və bu səbəbdən qeydiyyatdan imtina verilib».
Lakin onun sözlərinə görə, müraciət etdiyi dövrdə sayta qoyulan xəbərlər çox idi. «Sayt 5 dildə fəaliyyət göstərir – Azərbaycan, Türk, Rus, İngilis və Alman dillərində. Misal üçün, yalnız 1-5 sentyabr dövründə 865 yazı dərc olunub, Google Analytics-in göstəricilərinə görə isə həmin tarixlərdə gündəlik sayta giriş 10-15 mindir».
Saytın rəhbəri hesab edir ki, rəhbərlik etdiyi KİV-ə qeydiyyatda imtina verilməsinin səbəbi başqadır. «Bu o deməkdir ki, hansı saytları ki özləri məsləhət bilirlər, onları qeydiyyata alırlar, hansıları məsləhət bilmirlərsə onları qeydiyyata almayıb sıradan çıxarmaq niyyətləri var. Biz bu qərarı məhkəmədə nübahisələndirəcəyik».
Media hüququ üzrə ekspert Xalid Agaliyev isə AzadlıqRadiosuna bildirib ki, məsələyə bir neçə aspektdən yanaşılmasını doğru sayır. «Birincisi, qanunla müəyyən edilmiş tənzimləmələr, həmin qanun qəbul edildikdən sonra təsis edilmiş medialara şamil edilməlidir, qanun qəbul edilənə qədər mövcud olan medialar əgər istəyirlərsə, avtomatik reyestrə daxil olunmalıdır. Çünki, bu, Konstitusiyanın tələbidir. Bu aspektdən yanaşanda hazırda tətbiq edilən tənzimləmələr Konstitusiyaya uyğun deyil».
X.Ağaliyevə görə, məsələyə dar, hərfi çərçivədə, «Media haqqında» qanunun işığında yanaşdıqda, reyestrə daxil edilməkdən imtina olunması qanunidir. «Qanun reyestrə daxil olmaq üçün şərtlər müəyyən edib. Həmin şərtlərdən biri «fəaliyyətin davamlı olması»dır. Medianın fəaliyyətinin davamlı olması o deməkdir ki, reyestrə daxil olmaq istəyən media hər həftə azı 100 material yaymalıdır. Başqa medialardan istinadla yayılanlar, agentliklərin məlumatları, rəsmi press-relizlər bu 100 material sırasına daxil edilmir. Yəni, media özü hər həftə azı 100 material yaradıb, yaymalıdır. Bunu edə bilmirsə, onun reyestrdə qeydiyyatından imtina edilir. Bu, qanuni müdaxilədir, ancaq pis, keyfiyyətsiz qanuna uyğun olan, redaksiya siyasətinə, azadlığına müdaxilədir».
Ekspert Media İnkişaf Agentliyinin reyestrdə qeydiyyat proseduru ilə bağlı qanunu yanlış tətbiq etdiyini, medialara qarşı ayrı-seçkiliyə yol verdiyini qeyd edib. «Mən imtina cavabı alan bir neçə mediaya hüquq dəstəyi verirəm, araşdırma zamanı məlum olur ki, reyestrdə qeydiyyat zamanı qəbul edilən qərarlar əsaslandırılmış deyil. Məsələn, agentlik 24saat.org saytının, «Mingəçevir işıqları» qəzetinin reyestrdə qeydiyyatından imtina olunmasına qərar verib. Əsas kimi fəaliyyətin davamlı olmaması göstərilib. Amma biz detallı yoxlama zamanı görürük ki, hər iki media bu şərtə əməl edib. Ancaq bir sayt var ki, həftədə resursa ümumilikdə 320 material daxil edib, həmin materialların cəmi 50-si saytın özünün yaratdığıdır. Ancaq Agentlik həmin saytını qeydiyyata alıb, fəaliyyətin davamlılığı şərtinə əməl edən digər 2 mediaya isə imtina cavabı verib».
X.Ağaliyev hesab edir ki, yerli məhkəmələr bu mübahisələrə ədalətli baxsalar, Agentliyin imtina qərarları ləğv edilməlidir. «Yerli məhkəmələr bu qərarları ləğv etməsə, Avropa Məhkəməsi bunu ifadə azadlığının ciddi pozuntusu kimi qəbul edəcək».
Medianın İnkişafı Agentliyindən isə Turana bildirilib ki, «Media haqqında» Azərbaycan Respublikası Qanununun 74.1.2-ci maddəsinə əsasən Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslərin fəaliyyəti davamlı olmalıdır. «Həmin Qanunun 60.5-ci maddəsində fəaliyyətin hansı halda davamlı olduğu müəyyənləşdirilmiş və qeyd edilmişdir ki, onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur».
Agentlikdən qeyd olunub ki, media subyektlərinin Media Reyestrinə daxil edilmək üçün müraciətlərində «Media haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Media Reyestrinin aparılması Qaydaları»nın 6.5-ci bəndində göstərilən əsasların mövcud olub-olmadığı yoxlanılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir. «Hal-hazıradək 160-dan çox müraciət daxil olub, 100-ə yaxın subyekt Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə baxılmaqdadır».
Turan