“Rusiyanın Şuşaya atılan raketlə bağlı izahatı gülməlidir”
Rusiya Şuşaya “İsgəndər-M” raketi atılması barədə məsələyə aydınlıq gətirməlidir. Bunu ABR24-ün “Nə baş verir?” verilişinə açıqlamasında politoloq Eldar Namazov deyib.
“İsgəndər-M” və bu tipli digər raketlərin başqa ölkələrə verilməsi beynəlxalq qanunların pozulmasıdır. Rusiya tərəfindən Ermənistana qeyri-qanuni olaraq bu cür raketlərin verilməsi çox ciddi hadisədir. Əminəm ki, onlar bununla bağlı cavab verməyə məcbur olacaq.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin bu hərəkəti erməni əsilli Rusiya vətəndaşının üzərinə atması gülməli izahatdır. Çünki bu tip raketlər ciddi nəzarət altındadır. Əgər Rusiya bununla bağlı yaxın zamanda ciddi açıqlama verməsə və hər şeyi izah etməsə, o cümlədən bu işdə əli olan insanlar cəzasını almasa, onda bu məsələ ilə beynəlxalq təşkilatlar məşğul olacaq”, – o bildirib.
Bəzi məlumatlara görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat Departamenti Ermənistana qanunsuz ötürülmüş və Qarabağda tətbiq edilmiş “İsgəndər-M” raketləri ilə bağlı təhqiqat başladıb. Qeyd edilir ki, həmin raketlər Cənub hərbi dairəsinin anbarlarından qanunsuz əldə edilib.
Haqqin.az Moskvadakı mənbələrə istinadən məlumat yayıb ki, Rusiya Müdafiə Nazirliyinin bəzi məmurlarının Ermənistana qanunsuz silah ötürməsi ilə bağlı xidməti araşdırma başladılıb: “Araşdırma şok nəticələr üzə çıxarıb. Hərbi dairənin raket-artilleriya silahları anbarından verilmiş şübhəli qaimələr, hərbi-nəqliyyat aviasiyasının Ermənistana tərəf izahedilməz reysləri, nəhayət, Rusiyada yaşayan erməni biznesmen Karen Karapetyanın “metallom” qiymətinə aldığı İl-76 təyyarəsi əks-kəşfiyyat əməkdaşlarında şok effekti yaradıb”.
Yazıda qeyd olunub ki, Cənub hərbi dairəsində Rusiyadakı erməni diasporu Ermənistana qeyri-leqal silah təchizatı üçün öz şəbəkəsini qurub:
“Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, erməni diasporunun və onunla bağlı olan adamların hərəkətləri bütün qırmızı xətləri keçib. İctimai-siyasi fəaliyyətlə bir araya sığmayıb və dövləti xəyanət sayıla bilər. Tank əleyhinə raket kompleksləri, hava hücumundan müdafiə raket kompleksləri, onlara aid raketlər və ən azından üç “İsgəndər-M” raketi, üstəlik minalar, patronlar, atıcı silahhlar Rusiya hərbi dairəsinin anbarlarından iri miqyasda Ermənistana ötürülüb.
Pullarını isə Krasnoyarskdan, Krasnodar vilayətindən, Tula, Orlov vilayəti, Moskva, Sankt-Peterburq və hətta Xabarovskdan olan erməni biznesmenlər öz hesablarından ödəyib. Ticarət mərkəzləri, tikinti kontorları, hər cür mallar satan erməni dükanları-hamısı bu sxemdə yer alıblar. Lakin erməni xəsisliyi bu işdə də özünü göstərib. “İşlər belədir ki, onlar bir çox şeylər alıblar, dərk etməyiblər ki, istər “Kornet” olsun, istər “İsgəndər”, mürəkkəb idarəetmə, tuşlama və digər sistemlər tələb edir. Bu mürəkkəb sistemləri almaqda xəsislik ediblər, fikirləşiblər ki, düyməni basdın, vəssalam, raket gedib hədəfə dəyəcək”,-Rusiya hərbi-sənaye çevrələrindəki bir mənbə haqqin.az-a deyib.
Mənbələrimiz bildirir ki, FTX və Müdafiə Nazirliyinin rəhbərliyi “İsgənər-M” raketlərinin Ermənistana qanunsuz təchizatı ilə bağlı ölkə rəhbərliyinə məruzə ediblər”.