Çexiya ilə Rusiya arasında diplomatik qalmaqal böyüyür
Rusiya Xarici İşlər Nazirliyi Çexiya respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edilib. Onlar Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.
Bundan əvvəl Çexiya Respublikası Rusiya səfirliyində çalışan 18 diplomatı “persona non qrata” elan edib. Çexiya xüsusi xidmət orqanları həmin “diplomatların” əslində kəşfiyyat strukturlarına çalışan casus olduğunu təsbit edib.
Rəsmi Praqa onların 2014-cü ildə Vrbetitse qəsəbəsində sursat anbarının partladılmasında əli olmasından şübhələnir.
Çexiya Xarici İşlər Naziri Jan Hamaçek, 18 Rus diplomatın ölkədən çıxarılması ilə yanaşı, Rusiya vətəndaşları, Dövlət Kəşviyyat İdarəsinin əməkdaşları Aleksandr Petrov və Ruslan Boşirovun axtarışa verildiyini söyləyib.
Xatırladaq ki, Petrov və Boşirov 2018-ci ildə Böyük Britaniyanın Solsberi şəhərində Skripal ailəsinə qarşı kimyəvi silahla sui-qəsd etməkdə şübhəli bilinirlər.
Çexiya mətbuatının yazdığına görə, Rusiyanın xüsusi xidmət orqanları 2014-cü ildə Vrbetitse qəsəbəsindəki sursat anbarını partlatmaqla, Çexiyanın Ukraynaya hərbi yardımını əngəlləməyə çalışıb.
Ötən gecə naməlum şəxslər Rusiyanın Praqdakı səfirliyinin binasına yumurta və ketçup atıblar. Ketçupun atılması Vrbetitse arsenalında partlayış nəticəsində ölən insanların qanının rəngini ifadə edir.
Son informasiyalara görə, Çexiya və Rusiya arasında gərginlik artıq iqtisadi sahəyə də sıçrayıb. Çexiya bundan sonra ölkə üçün vacib “Dukovanı” atom-elektrik stansiyasının yeni enerji blokunun tikilməsi ilə bağlı elan olunan tender Rusiya şirkətlərini buraxmayacağını açıqlayıb.
Əlavə edək ki, ötən həftə Rusiyanın Praqadakı səfirliyi önünə Putinin çılpaq vəziyyətdə qızıl unitaza oturduğunu əks etdirən heykəl yerləşdirilib. Bununla çexiyalı fəallar Rusiyada vüsət alan siyasi repressiyalara, o cümlədən Aleksey Navalnının həbsinə etiraz nümayiş etdiriblər.
Basta