Şəhidi təhqir edənin döyülməsi ilə bağlı DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

 

DİN-in Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq deyilib ki, yayılan videogörüntülərdən xəbərdardırlar:

 

“İnsidentdə iştirak edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir”.

 

Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb.

 

Xatırladaq ki, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin döyüşlər ərəfəsində işğaldan azad edilmiş ərazidə oxuduğu mahnılar geniş yayılıb.

 

Bundan sonra sosial şəbəkə istifadəçisi F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. F.Rəsulzadənin döyülməsinə səbəb kimi bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.

 

 

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən şəhid Xudayarın qardaşı Məhəmməd Yusifzadə deyib ki, o adamı haqlı olaraq döyüblər:

 

“Şəhid haqqında bu cür status yazanda bilmirdi ki, onu nələr gözləyir? Döyüblər, yaxşı ediblər, əlləri dərd görməsin. Onu döyənlər də elə Xudayarı sevənlər, Xudayarın qardaşları olub. Onun haqqı idi bu cür vəziyyətə düşmək. Şəhidlərimiz haqqında bu cür fikirlər bildirmək olmaz. Onlar vətən uğrunda canlarından keçiblər”.

 

Məhəmməd Yusifzadə qeyd edib ki, cəzalandırılması lazım olan şəxs elə Xudayar haqqında bu cür sözlər yazan adamdır:

 

“Onu döyənləri cəzalandırmaq lazım deyil. Hər gün küçələrdə mənasız davalar olur, bəs onlar niyə cəzalandırılmır?

 

Cəzalandırılması lazım olan adam elə o statusu yazandır. Həmin statusu yazdığı vaxt o, qanunla cəzalandırılmalı idi. Bütün şəhidlər bizim qardaşlarımızdır. Onlara qarşı belə hərəkətlər etmək olmaz”.

 

Sosial şəbəkədə F.Rəsulzadənin döyülməsinə etiraz edənlər də var.

 

F.Rəsulzadənin aktyor olduğu bildirilir. O, ARB TV-də şeirlərini səsləndirib, SPACE TV-də “El bizim sir bizim” verilişində qonaq olub. Bundan başqa o, “Hekayəm var” “Stand up” şousunda aktyor kimi səhnə alıb.

 

Basta