Yerevanda vandalizm: Qandinin heykəli yandırıldı
Ötən gecə Ermənistan paytaxtında Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin heykəli yandırılıb. Bu haqda Ermənistan mediasında məlumat yayılıb.
Qeyd edilir ki, Ermənistan Hindistanla münasibətlər qurmağa çalışır. Rəsmi Yerevan Hindistan-Pakistan qarşıdurmasında Dehlinin mövqeyini müdafiə edir. Qandinin heykəli Yerevanda keçən il ucaldılıb. Bu addım Qandinin Türkiyə ilə yaxın əlaqələrinin olduğunu və “erməni soyqırımını” tanımadığını qabardan yerli millətçilər tərəfindən etirazla qarşılanıb.
Heykəlin yandırılması isə Hindistanın Ermənsistandakı səfirliyinin Tvitterdəki paylaşımı ilə əlaqələndirilir. Səfirliyin bu il aprelin 24-də etdiyi paylaşımda əvvəlcə “soyqırım” ifadəsi işlədilsə də, sonradan yazı redaktə olunub və “qurbanların anım günü” ifadəsi ilə əvəzlənib.
Yerevan meriyasının mətbuat katibi Akop Karapetyan heykəlin yandırılmasını vandalizm adlandırıb. O, meriyanın hər heykəli mühafizə etməyə imkanı olmadığını, belə hadisələrin əvvəl də baş verdiyini söyləyərək, baş verənlərə görə dövləti məsuliyyətdən yayındırmağa çalışıb.
Basta