Bakıda təcili yardım stansiyasının işçiləri aksiya keçirdi – Video
Ötən gecə Bakının Binəqədi rayonundakı 9 saylı təcili tibbi yardım stansiyasının işçiləri koronavirusa yoluxmuş xəstələrlə işlədikləri üçün onlara vəd edilən maaş artımının verilməməsinə etiraz olaraq aksiya keçiriblər.
Kanal13-ün hadisə yerindən yayımladığı məlumata gorə, həkimlər ölkə başçısı İlham Əliyevin COVİD xəstələri ilə çalışan səhiyyə işçilərinin maaşlarının artırılması barədə sərəncamın icra olunmadığını bildiriblər. Aksiya iştirakçıları bildirir ki, sərəncamda həmin səhiyyə işçilərinin maaşlarının baza hissəsinin 4 misli qədər artırılması nəzərdə tutulsa da, sonradan onlara “bu ay koronavirus az olub” arqumenti ilə “taksi pulu” verməklə kifayətlənilər.
Aksiya iştirakçıları bu müddət ərzində özlərinin və ailə üzvlərinin koronavirusa yoluxduqlarını söyləyiblər Onlar aldıqları artımın heç taksi puluna yetmədiyini vurğulayaraq, ölkə başçısının sərəncamının icra olunmasını tələb ediblər.
Aksiya iştirakçılarının qarşısına çıxan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev hər kəsi aksiyanı dayandırmağa çağırıb. O, fevral ayında koronavirusa yoluxanlarla bağlı çağırışların az olduğunu, mart və aprel ayında belə çağırışlar artıbsa, buna uyğun maaş artımlarının ödəniləcəyini deyib.
“Kimin şikayəti varsa, sabah gələr araşdırarıq” – deyə, baş həkim bildirib.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin 18 mart 2020-ci il tarixli Sərəncamı ilə COVID-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.
Basta