Tel-Əvivə raket hücumu – Video
İsrailin Tel-Əviv şəhəri raket atəşinə tutulub.
TASS xəbər verir ki, Fələstinin “Donia Al-Watan” portalı HƏMAS-ın Qəzza sektorundan Tel-Əviv istiqamətində 130 raket atdığını bildirib.
Raket hücumu nəticəsində azı üç nəfərin həlak olduğü bildirilir.
Daha əvvəl Qüdsdə (Yərusəlim) etirazlar İsrail qüvvələri ilə Qəzzadakı fələstinli silahlılar arasında toqquşmalara gətirib çıxarıb.
ABŞ, Avropa İttifaqı və Britaniya hər iki tərəfi ən qısa zamanda gərginliyi azaltmağa çağırıblar, – BBC məlumat verir.
Ötən gecə İsrail Qəzzaya qarşı hava hücumları həyata keçirib, 130 hədəfin vurulduğunu bildirib. Səhiyyə rəsmiləri doqquzu uşaq olmaqla, 24 fələstinlinin öldürüldüyünü və 100-dən çox insanın yaralandığını açıqlayıblar.
Bundan əvvəl isə fələstinli silahlılar İsrail istiqamətində 300-dən çox raket buraxıblar, 31 israilli yaralanıb.
Fələstin ərazilərinə nəzarət edən silahlı HƏMAS qrupu, Qüdsün Əl-Əqsa məscidini İsrailin “təcavüz və terrorizmindən” qorumaq üçün səy göstərdiyini bəyan edib.
Bu ərazini həm müsəlmanlar, həm də yəhudilər müqəddəs sayırlar.
Bu hadisələr fələstinlilərlə yəhudilər arasındakı gərginliyin son ay ərzində artmasının nəticəsidir.
Fələstinlilərin Şərqi Qüdsdəki evlərindən qovulmaq təhlükəsi ilə üzləşməsi onların qəzəbinə səbəb olub. İsrail məhkəməsi Şərqi Qüdsdə bir neçə fələstinli ailənin evlərindən çıxarılması barədə qərar verib. Məhkəmə qərarı üçün bir əsas kimi həmin evlərin keçmişdə yəhudilərə məxsus olduğu göstərilib.
Qərardan sonra Qüdsün əsasən ərəb əhalisi yaşadığı hissəsində etirazçılarla İsrail polisi arasında bir ayadək davam edən toqquşmalar başlayıb.