İsrail və Həmas arasında atışma ötən gecə davam edib

Ötən gecə İsrail hərbiyyəsi Qəzzaya hava zərbələri endirməkdə, Həmas silahlıları isə İsrail ərazisini atəşə tutmaqda davam ediblər.  Fələstinlilərlə İsrail arasında 2014-cü ildən bəri ən iri münaqişə artıq bir həftədir ki, davam edir.

 

İsrail Baş naziri Benjamin Netanyahu İsrail tərəfindən Qəzzaya “lazım olduğu qədər” zərbə endiriləcəyini bəyan edib.

 

Fələstinlilər İsrail Hərbi Hava Qüvvələrinin ötən gecədən başlayaraq Qəzza zolağına intensiv hava hücumlarını etdiyini bildirib.

 

Reuters Qəzzadakı Səhiyyə rəsminlərinə əsasən xəbər verir ki, yeni hücumlarda ən azı dörd fələstinli öldürülüb. Yerli həkimlər ölənlər arasında nevropatoloq həkimin olduğunu bildiriblər, onun həyat yoldaşı və qızı yaralanıblar.

 

Fələstin tərəfinin verdiyi məlumata görə, Qəzza zolağındakı qarşıdurmanın altı günündə 41 nəfəri uşaq olmaqla ən azı 149 nəfər öldürülüb.

 

İsrail ikisi uşaq olmaqla, 10 nəfərin öldüyünü bildirib. İsrailin Walla portalına görə, İsrail hərbi təyyarələri Qəzza zolağının şimal və mərkəzi hissələrinə 100-dən çox hava hücumu keçirib.

 

İsrail hərbi idarəsinin sözçüsü Həmas tərəfindən Təl-Əvivə və ətraf ərazilərə təxminən 55 raketin atıldığını bildirib.

 

İsrail hərbi aviasiyası ötən gecə Qəzzada Associated Press və Al-Jazeera TV ofislərinin yerləşdiyi 12 mərtəbəli yaşayış binasını hava zərbələri nəticəsində yerlə-yeksan edib.

 

İsrail hərbçiləri binada Həmas hərəkatının kəşfiyyat qərargahının yerləşdiyini bildirib.

 

Associated Press binada Həmas fəaliyyətinə dair “işarə” olmadığını söyləyərək İsraili dəlil təqdim etməyə çağırıb.

 

Ağ Evin sözçüsü Jen Psaki Tvitter səhifəsində “İsraillilərə jurnalistlərin və müstəqil medianın təhlükəsizliyinin təmin edilməsinin əsas vəzifə olduğunu açıq şəkildə bildirdik” postunu paylaşıb. Bu günə təyin olunmuş BMT Təhlükəsizlik Şurasında vəziyyətin müzakirəsi ərəfəsində şənbə günü ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benjamin Netanyahu və fələstin lideri Mahmud Abbasla telefon danışıqları aparıb.

 

Şənbə günü İsrail Qəzzanın qərbindəki bir qaçqın düşərgəsinə etdiyi hava hücumu nəticəsində bir ailənin 10 üzvü öldürülüb. Yalnız beş aylıq bir uşaq və atası sağ qalıblar. “Orada raket yox idi – yalnız qadınlar və uşaqlar idi,” – uşağın atası Reuters-ə söyləyib.

 

Bir gün əvvəl London, Paris, New York və dünyanın digər şəhərlərində Fələstinliləri dəstəkləyən aksiyalar keçirildi.

 

BBC