Prokurorluq müxalifət fəalının döyülməsi ilə bağlı şikayət üzrə araşdırmaya başladı

AXCP təsübkeşi Laçın Vəliyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı verilən şikayət üzrə araşdırma başlanılıb.

 

Bu haqada “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

 

“Sabunçu rayon prokurorluğunda başlanılan araşdırma çərçivəsində bu gün Laçın Vəliyevin geniş izahatı alınıb” – deyə, Nemət Kərimli bildirib.

 

Laçın Vəliyev martın 20-də Sabunçu rayonu ərazisində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində Laçın Vəliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi ilə cinayət işi açılıb. O, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinir.

 

AXCP-nin yaydığı məlumata görə,  Laçın Vəliyev  AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanova qarşı ifadə verməkdən imtina etdiyi görə cəzalandırılıb.

 

Müdafiə Xətti hüquq müdafiə təşkilatı bildirir ki, Laçın Vəliyevə ailəsi ilə bağlı sarsıdıcı video göstəriblər.

 

“O, həyat yoldaşı ilə görüntülərini görər-görməz bayılıb, sonradan “nə istəyirsiniz, gətirin, qol çəkirəm…” deyib, irəli sürülən qurama ittihamlarla dinməz-söyləməz razılaşıb,” – deyə, Müdafiə Xəttinin təmsilçisi Rüfət Səfərov özünün feysbuk səhifəsində bildirib.

 

Basta