Azərbaycan-Ermənistan sərhədində əlbəyaxa dava: 11 erməni hərbçisi xəstəxanaya yerləşdirilib

Azərbaycan-Ermənistan sərhədinin Qaragöl hissəsində gərginlik davam edir. Ermənistan mətbuatında yayılan məlumata gorə, mayın 21-də Azərbaycan ordusunun bölmələri bu istiqamətdə daha 1,5 kilometr irəliləyərək, gölün yaxınlığındakı daha bir təpədə mövqe qurublar.

 

Ermənistan tərəfi Azərbaycan ordusunu dövlət sərhədini pozmaqda ittiham edir. Azərbaycan Xarici İşlər Nazirliyi ordumuzun 30 ildir pozulan sərhədləri bərpa etdiyini bildirir.

 

 

Goris icmasının rəhbəri Aruş Aruşanyan Sputnik Ermənistan-a bildirib ki,  mayın 20-də Qaragöl yaxınlığında  Azərbəycan  və Ermənistan hərbçiləri arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib.

 

“Bir qrup Azərbaycan hərbçisi sərhədi keçərək onların qarşısına çıxan  hərbçilərlə mübahisəyə girdi. Nəticədə, on bir erməni əsgəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildi” – deyə, Aruş Aruşanyan bildirib.

 

Ermənistan Ombudsman aparatının nümayəndələri hərbi xəstəxanada  müalicə olunan  erməni əsgərlərinə baş çəkiblər.  Qeyd edilir ki, onlar müqavilə əsasında hərbi qulluqda olublar.  Həmin hərbi qulluqçularla  xüsusi söhbətlər aparılıb, tibbi sənədlər öyrənilib, məlumat sənədləşdirilib. Ermənistanın digər hərbi xəstəxanalarında müalicə alan hərbi qulluqçuların sağlamlıq vəziyyətlərinə dair bütün məlumatlar da qeyd edilib.

 

Ombudsman  Arman Tatoyanın sözlərinə görə, Azərbaycan hərbçiləri “saxta” xəritələrə istinad edərək, Sev Liç (Qaragöl) gölünə bitişik ərazidə, Xoznavar kəndi istiqamətindəki ərazidə yerləşən bir təpəni ələ keçirməyə çalışıblar: “Erməni hərbçiləri azərbaycanlılardan əvvəlki mövqelərinə qayıtmağı tələb ediblər. Onlar əvvəlcə tələbi yerinə yetirməyə hazır olduqlarını söyləyib, lakin axşama doğru aqressiv davranmağa başlayıblar, qəsdən qarşıdurma yaradıblar və bir neçə  on nəfərlik bir qrup erməni hərbçilərinə  hücum edib”.

 

Azərbaycan tərəfi hadisə barədə hər hansı bir məlumat yaymayıb.

 

Sərhəddə mayın 17-də də analoji insident yaşanıb. Həmin insidentlə bağlı mediada yayılan videoda Azərbaycan sərhədçilərinin erməni hərbçilərini ərazidən necə qovduqları əks olunub.

 

 

 

Basta