Azərbaycan Ordusu sərhəddə daha bir yüksəkliyi tutub
Ermənistanın media orqanları Azərbaycan Silahlı Qüvvələrin Kəlbəcərdən Gorus istiqamətində daha 6 kilometr irəliləyərək strateji əhəmiyyətli yüksəkliyi ələ keçirdiyi barədə məlumat yayıb. Bildirilir ki, bununla bağlı video görüntülər sosial şəbəkələrdə yayılıb.
“Azərbaycan tərəfi starteji əhəmiyyətli zirvəni tutub və bu ərazidə varlığını ilk olaraq təmin edib. Erməni tərəfi ilk addımları atıb yüksəkliyi zəbt etsəydi, bu gün azərbaycanlıların yox, bizim nəzarətimizdə olardı” – deyə, bu gün, mayın 22-də Ermənistanın “Razminfo” hərbi analitik portalı yazıb.
Ermənistanın Müdafiə Nazirliyi əslində görüntülərdə görünən dağın Azərbaycanla təmas xəttində olduğunu inkar etməyib, – deyə, Sputnik Ermənistan bildirir.
“Onlar Ermənistan ərazisinə girməyiblər. Kadrlarda görünə yüksəklik sərhəddə yerləşir. O yüksəkliyin müxtəlif yerlərində bizim də mövqelərimiz var” – deyə, Ermənistan Müdafiə Nazirliyindən Sputnik Ermənistana bildirilib.
Rəsmi Bakı konkret bu məsələyə hələlik münasibət bildirməsə də, Azərbaycan xarici İşlər Nazirliyi Ermənistanən “işğal” iddiasına cavab verib.
Şənbə günü Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bəyan edib ki, bütün bu illər ərzində beynəlxalq hüququn fundamental prinsiplərinin məhz Ermənistan tərəfindən tapdalanması, son 30 ildə iki dövlət arasında sərhədin müəyyən olunmamasının əsl səbəbkarıdır.
“Ermənistanın 30 ildən sonra nəhayət beynəlxalq hüququ yada salması ümumilikdə müsbət bir haldır. Lakin, Ermənistan yenə də beynəlxalq hüquq prinsiplərini özünəməxsus şəkildə başa düşür”,-deyə o əlavə edib.
Onun sözlərinə görə, Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər.
“Ermənistanın artıq bu həqiqəti anlaması, yaranmış yeni vəziyyəti qəbul etməsi gərəkdir.
Bir daha Ermənistanı özünün istinad etdiyi beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasına və hər hansı fikir ayrılıqlarının həllində konstruktivlik nümayiş etdirməyə çağırırıq”.
Basta