Daha bir əsgərimiz şəhid oldu
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub. Müdafiə Nazirliyi bildirir ki, şəhid doğulduğu Ağstafa rayonunun Kolxəlfəli kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.
Ötən gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.
.
Qurum bildirib ki, “hazırda davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.”
Bundan əvvəl Ermənistan tərəfi Azərbaycanın “pilotsuz uçuş aparatları ilə hücumlara başladığını” deyib, Azərbaycan bu iddiaları təkzib edib.Paylaşımını ötürün YouTube, 1
Paylaşımın sonu YouTube, 1
Video açılmırsa, YouTube kanalımızda izləyin.
“Azərbaycan yenidən hərbi əməliyyatların dayandırılması və atəşkəs haqqında razılaşmanı pozaraq, döyüş pilotsuz uçuş aparatları ilə hücumlara başlayıb, o cümlədən yaşayış məntəqələri istiqamətində. Xəbərdar edirik ki, Azərbaycan silahlı qüvvələrinin itkiləri daha da arta bilər”, – Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yazıb.
Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü bu iddiaları “yalan” adlandırıb.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hohannisyan “bu gün qarşı tərəfin PUA-sının zərbəsi nəticəsində” Çinari kənd sakini Aramais Hovakimyanın yaralandığını bildirib.
Bundan əvvəl Azərbaycan MN Ermənistan ərazisində hər hansı “ölən və ya yaralanan Azərbaycan hərbçisinin olmadığını” bildirib.
Nazirliyin bu bəyanatı, Ermənistan Müdafiə Nazirliyinin “Azərbaycan hərbçilərinin yaralanması, həlak olan hərbçilərin nəşlərinin döyüş meydanında qalmasına” dair iddialarından sonra verilib.
Ermənistan MN mətbuat kətibi Şuşan Stepanyan bildirib ki, “Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə son qoyulması və müvafiq şəraitlərin yaradılması təqdirdə hərbi əməliyyatlar zonasında axtarış işləri aparmağa, həlak olan hərbçilərinin nəşlərini və xəsarət alanların döyüş meydanından çıxarılmasına imkan verməyə hazırdır”.
Azərbaycan Müdafiə Nazirliyi BBC News Azərbaycancaya bu iddiaları “əsassız” adlandırıb.
“Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin”, – Azərbaycan MN sözçüsü Vaqif Dərgahlı bildirib.
Cənab Dərgahlı bundan əvvəl BBC News Azərbaycancaya bildirib ki, “Azərbaycanın itkiləri var, bu barədə yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq”.
Cümə axşamı Tovuz istiqamətində yenidən hücum cəhdi olub, bir neçə kənd atəşə tutulub, Müdafiə Nazirliyi açıqlayıb.
MN bildirib ki, iyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan mövqelərinə “yenidən hücum cəhdi olub”.
Nazirliyin məlumatında deyilir ki, “eyni zamanda Tovuzun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub”.
MN bildirib ki, bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndiniə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb, nəticədə evlərə və və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Nazirlik mülki əhali arasında xəsarət alanın olmadığını bildirib.
“Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – MN açıqlayıb.
Ermənistan MN rəsmisi Artsrun Hovhannisyan “Ermənistan tərəfindən itki olmadığını” iddia edib.
Azərbaycan MN Ermənistanın “Azərbaycan tərəfinin sərhəddə təxribat törətməsi və Ermənistanın Aygepar və Movses kəndlərinin D-30 toplarından atəşə tutması” iddialarını təkzib edib və bildirib ki, “Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç vaxt yaşayış məntəqələrini atəşə tutmur”.
Döyüş texnikalarının “məhvi” iddialarında nə deyilir?
Azərbaycan MN Ermənistanın Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın və tankın vurulması barədə iddialarını təkzib edib.
“Bu yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”, – Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Azərbaycan MN bildirib ki, iyulun 16-sı səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqelərinin üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Qurum sözügedən PUA-nın “aşkarlanaraq məhv edildiyini” açıqlayıb.
Ermənistan MN isə onlara məxsus PUA-nın vurulmasını təkzib edib və bildirib ki, “onlarda hazırda bu tipli PUA istifadə olunmur”.
“Ermənistan SQ məxsus heç bir PUA məhv edilməyib, Azərbaycan MN tərəfindən yayılan fotoşəkillər həqiqətə uyğun deyil. Ermənistan Respublikası Silahlı Qoşunlarının cəbbəxanasında hal-hazırda bu tipli PUA istifadə olunmur”, – Ermənistan MN mətbuat katibi Şuşan Stepanyan qedy edib.
“Mövqelərimiz atəşə tutulub”
MN Ermənistan silahlı qüvvələriin iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 89 dəfə pozduğunu bildirib.
“Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Acarlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub”, – MN-in məlumatında deyilir.
“Canından qorxan qaçıb”
Tovuzun Dondar Quşçu kəndinin sakini söyləyir ki, gecə saat 4-dən səhər 9-dək atəş səsləri eşidilib. O, bundan sonra atışmaların təxminən bir saat müddətinə dayandığını deyib.
Onun sözlərinə görə, kəndin bəzi sakinləri evlərini tərk ediblər.
“Kəndi boşaltmayıblar, amma qaçanlar da var. Canından qorxan qaçıb. Evlərə, həyətlərə mərmilər düşüb, amma hara nə ziyan dəyib, hələ bilmirik”.
Tovuzun Əlibəyli kənd sakininin dediyinə görə gecə saat dörd radələrindən cəbhədə atəş yenidən başlayıb, amma günorta saat 10-dan etibarən “təqribən bir saat olar ki, sakitlikdir”.
O deyib ki, kənd atəşə tutulub, təlafat olmasa da, bir evin hətəyindəki tikiliyə mərmi düşüb.
Çərşənbə günü “sakitlik” olub
Azərbaycan çərşənbə günü Tovuz istiqamətində “sakitlik” olduğunu, Naxçıvanın sərhədyanı bölgələrində “ara-sıra atəşkəs rejiminin pozulduğunu” bildirib.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ermənistan silahlı qüvvələri iyulun 14-ü saat 22:15-dən saat 23:55-dək və 15-i saat 01:20-dən başlayaraq səhər saatlarınadək müxtəlif iriçaplı silahlardan istifadə etməklə Şərur, Babək və Ordubad rayonları istiqamətində atəşkəs rejimini pozub.
Nazirlik Ermənistan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində “aktivləşdiyini” və “ara-sıra atəşkəs rejiminin pozulduğunu” bildirib.
“Naxçıvan istiqamətində atəşləri dayandırmasına vadar etmək və cəza tədbirləri məqsədilə komanda müşahidə məntəqəsinə hərəkət edən hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarətindədir”, – MN-in açıqlamasında bildirilib.
Bu gün Tovuz rayonunun Dondar Quşçu kəndindəki evlərdən birinin həyətində partlamamış mərmi aşkar olunub.
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri tapdıqları partlamamış top mərmisini zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə aparıb.
Başqa bir məlumatda isə MN bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin səhra idarəetmə məntəqəsi “məhv edilib”.
Ermənistan rəsmiləri də Tavuş rayonunda “sakitlik olduğunu” qeyd edib.
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində atışmalar ötən bazar günü başlayıb və fasilələrlə davam edib. Azərbaycan 11, Ermənistan 4 itki verdiyini açıqlayıb. Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini günahlandırır.
Tovuz istiqamətində “sakitlikdir”
Çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində “sakitlik” olduğunu bildirib.
Nazirliyin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya söyləyib ki, “hazırda Tovuz istiqamətində ümumilikdə sakitlik hökm sürür”.
Ağdam bələdiyyəsinin sədri Rəhilə Əsgərova BBC News Azərbaycancaya bildirib ki, ən son atəş səsini bu gün səhər saatlarında bir dəfə eşidiblər.
“Bu səhər, nə bilim bir 7-8 radələri olardı. Bir dəfə atdılar. Ondan sonra sakitlikdir. Hamı kəndə qayıdıb. Bu gün əhval-ruhiyyəmiz bir qədər yaxşıdır.”
Tovuzun Əlibəyli kənd sakini, Qarabağ Əlillərinə Qayğı ictimai Birliyinin Əlibəyli kənd üzrə sədri Çingiz Babayev çərşənbə günü BBC News Azərbaycancaya bildirib ki, “gecə saat 3-dən sonra sakitlikdir.”
“Gecədən sakitlikdir. Kənd camaatının əksəriyyəti kənddədir. Əhval-ruhiyyəmiz yaxşıdır. Biz qorxmuruq. Torpağımızı da qoyub gedəsi deyilik”, – cənab Babayev deyib.
Dondar Quşu bələdiyyəsindən Gülnarə Quliyeva da BBC News Azərbaycancaya “bu gün kənddə sakitlikdir” deyir.
“Ən son atəş səsini dünən axşam saat 6-7 radələrində eşitmişik. Bizim kənddən çıxan elə də çox olmamışdı. Uşaqlar və qadınlar çıxmışdılar. Onlar da qayıdıb gəliblər. Kənddə zərər dəymiş evin sahibi də gəlib, evindədir. Ev yaşanılası vəziyyətdədir, sadəcə damı dağılıb. Vəziyyətimiz əvvəlki kimidir. Camaat da öz işində-gücündədir. Bircə kəndin “arxın yanı” deyilən ərazisi bir az təhlükəlidir. O tərəfdə yaşayanlar da kənddə yaxın, qohum ailələrin evində qalırlar.”
Bundan əvvəl MN iyulun 15-də gecə Tovuz rayonu istiqamətində “sakitlik” olduğunu bildirsə də, səhər saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus “növbəti bölüyün dayaq məntəqəsinin məhv edildiyini” bildirib.
Ermənistanın “10 hərbçisi yaralanıb”
Ermənistan Müdafiə Nazirliyi Tovuz istiqamətindəki atışmalarda ümumilikdə 20 hərbi qulluqçusunun yaralandığını bildirib.
Yarısından çoxu yüngül xəsarət alıb, tibbi yardım alıb və hərbi hissələrinə qayıdıblar.
Ermənistan MN mətbuat katibi Şuşan Stepanyan Facebook sosial şəbəkə hesabında “Hazırda Ermənistan-Azərbaycan sərhədində döyüşlərdə müxtəlif ağırlıqda xəsarət almış 10 hərbi qulluqçu olduğunu” qeyd edib.
Şuşan Stepanyan bildirib ki, yaralı hərbçilərin birinin vəziyyəti “son dərəcə ağır, 5 nəfərin vəziyyəti isə müsbət dinamika qeydə alınmaqla ağır” kimi qiymətləndirilir.
“Qalan yaralılar bir həftə ərzində hərbi hissələrinə qayıdacaq,” – Ermənistan MN mətbuat katibinin məlumatında deyilir.
İyulun 12-dən bər 20-dən çox erməni hərbçisi yaralanıb.
Gecə vəziyyət necə olub?
Azərbaycan MN iyulun 14-də axşam saatlarında bildirib ki, Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti və döyüş texnikası “məhv edilib”.
MN həmin gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yerləşən yaşayış məntəqələrinə atəş açmaqda davam etdiyini bildirib. Amma gecə “nisbi sakitlik olub,”- Azərbaycan MN açıqlayıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan iyulun 15-də Facebook səhifəsində yazıb ki, “Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində (Tavuş-Tovuz istiqaməti) dünən saat 23:30-dan bu vaxtadək (səhər saat 8:00) nisbi sakitlik olub. Gecə ərzində artilleriya qurğularından istifadə olunmayıb”.
Şuşan Stepanyan dünən saat 22:30 – 23:00 arasında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın “2 pilotsuz uçan aparatını” vurduğunu bildirib.
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin hər hansı “pilotsuz uçan aparatının vurulmadığını, bu iddiaların yalan olduğunu” bildirib.
Atəşkəs çağırışları davam edir
Böyük Britaniya Xarici İşlər Nazirlyi Ermənistan və Azərbaycanı “atəşkəs rejiminin pozulmasına son qoymağa və dialoqa başlamağa” çağırıb.
Bu barədə məlumat Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Facebook səhifəsində yerləşdirilib.
“Birləşmiş Krallıq Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə son vaxtlar atəşkəs rejiminin pozulmasından çox narahatdır və insan həyatının itirilməsinə çox təəssüflənir. Biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin gərginləşməsi və daha çox itki verməməsi üçün dialoqa çağırırıq”, – məlumatda deyilir.
Böyük Britaniya XİN-i “hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə” çağırırıb.
Qurum “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə dəstəyini” bildirib.
Azərbaycan Fransa səfirinə etiraz edib
Azərbaycan Parisdəki diplomatik nümayəndəliyinə qarşı törədilən “vandalizm aktı” ilə bağlı XİN-ə çağırılan Fransa səfirinə etirazını bildirib.
Xarici İşlər Nazirliyi hadisənin iyulun 14-də baş verdiyini bildirir.
“Erməni radikal gənclər təşkilatının bir qrup üzvü tərəfindən törədildiyi ehtimal olunan bu vandalizm aktı özündə terror elementlərini ehtiva etməklə yanaşı, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır,” – çərşənbə günü XİN-in yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, müdaxilə halları bundan əvvəl də baş verib.
Azərbaycan xaricdəki nümayəndəliklərinin mühafizəsinin gücləndirilməsi ilə bağlı “aidiyyəti üzrə” xarici ölkələrə müraciət olunduğu bildirilir.
Azərbaycan üç gündür ki, davam edən döyüşlərdə biri general-mayor olmaqla 11 hərbçisini itirib.
General-mayor Polad Həşimovdan başqa, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı və əsgər Elçin Mustafayev də iyulun 13-14 keçən gecə həlak olublar, Müdafiə Nazirliyi açıqlayıb.
Azərbaycanda Tovuz istiqamətində gedən döyüşlər zamanı həlak olmuş hərbçilərin sayı 11-ə çatıb, bir mülki şəxs də ölüb.
BBC