Sərhəddə atışma: hər iki tərəfdə yaralananlar var

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

 

Cavab atəşi ilə qarşı tərəf  susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Ermənistan Müdafiə Nazirliyi isə iyulun 19-dan 20-nə keçən gecə Azərbaycan ordusunun atəş açması nəticəsində Qeqarkunikdə icma rəhbəri Dadik Oqikyanın yaralandığını bildirir.