Vəkil saxlanılan AXCP fəalı ilə görüşə buraxılmır
Vəkil Nemət Kərimli müvəkkili, AXCP-nin Rəyasət Heyətinin üzvü Asif Yusifli ilə görüşə buraxılmayıb. Onun istintaq hərəkətlərində iştirakına da icazə verilməyib. Bu barədə Turan-a vəkil özü bildirib.
Yusifli iyulun 15-də gecə parlamentin qarşısında keçirilmiş aksiyada iştirak etdiyinə görə iyulun 17-də evinin önündə saxlanılıb. Hazırda Baş Prokurorluğun Baş İstintaq İdarəsində dindirilir.
“İdarəyə gəldim və rəsmi qaydada order təqdim etdim, lakin məni içəri buraxmadılar, dedilər ki, orderi poçtla göndər. Bu, qanuna ziddir”, deyən Kərimli əlavə edib ki, Baş Prokurorluğa şikayət edəcək.
Sərbəst reportyorlar Firudin Səlimov və Anar Abdullayev də həmin idarəyə aparılıblar.
Onların bayırda xəbər gözləyən qohumları da karantin rejiminin pozulmasına görə cərimə olunublar.