Şirvanda qaz sayğacının müqaviləsiz dəyişdirilməsi etiraza səbəb oldu – Video
Şirvanda abonentlərlə heç bir müqavilə imzalanmadan qaz sayğacları dəyişdirilir.
Bu haqda Müsavat Partiyası Şirvan təşkilatının sədri Əlikram Xurşidov özünün feysbuk hesabında məlumat yayıb.
“Təqribən 10-15 gün öncə yaşadığım Şirvan şəhər L.İbrahimov küçəsi, bina 30 mənzil 69 ünvanına gələn “Azəriqaz”ın mühəndisi və işçi qrupu, SOCAR nümayəndələri mənə qaz sayğacının müddətə uyğun olaraq dəyişilməsini bildirdi. Mən onlardan müqavilə və saygacların dəyişilməsi haqda sərəncam təlb etdim. Belə bir sənədləri mənə təqdim edə bilmədiklərindən çıxıb getdilər.
14 iyun 2021-ci il tarixdə mənzilimizə aid qaz sayğacını dəyişmək üçün yenidən gəldilər. Özünü Şirvan qaz idarəsinin şöbə rəisi kimi təqdim edən Sadiq Əhədovdan təhlükəsizlik müqaviləsi və sayğacların dəyişdirilməsi barədə sərəncam tələb etsəm də, bu verilmədi. Sadiq Əhədovun dediklərindən belə çıxdı ki, “burada şah SOCAR, Bağdadda kor xəlifədir” – deyə, Əlikram Xurşidov bildirib.
Xurşidov bildirib ki, müqavilə tələb etdiyi onun qazını kəsiblər və Şirvan şəhərində abonentlərə qarşı bu cür qanunsuzluq kütləvi hal alıb: “Sayğacıma “Azəriqaz”ın məsul işçisi Sadiq Əhədovun qanunsuz müdaxilə etdiyi video-görüntüdə öz əksini tapıb. Hazırda evimizə təbii qaz gəlmir”.
Salyan Rayon Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov Əlikram Xurşidovun paylaşımının altında şərh yazaraq, məsələyə münasibətini bildirib.
Şərhi təqdim edirik:
“Sizin ünvana əməkdaşlarımız göndəriləcək. Əlavə olaraq bildirirəm ki, sayğacların əvəz edilməsi Nazirlər Kabinetinin 12.05.2012-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın 4.3 və 4.4 bəndlərinin tələblərinə uyğun həyata keçirilir və bunun üçün əlavə ” sərəncama” ehtiyac yoxdur. Sayğac əvəz edilməsi prosesində təhlükəsizliyin təmin edilməsi üçün bütün sızmalar yoxlanılır və sizə təhvil verilir. Mənzilin sizin mülkiyyətinizə keçməsi ilə bağlı müvafiq sənədləri təqdim etdikdən sonra qısa müddətdə tərəfimizdən qeydiyyat Sizin adınıza dəyişdirələcək və qazın alqı satqısı müqaviləsi yenilənəcəkdir. Hörmətlə Salyan RQİİ-nin rəisi Namiq Məmmədov”
Basta