Ermənistanın Türkiyəyə reveransı
Ermənistan Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş layihəsi üzərində işi başa çatdırıb və sənəd Bakıya verilib. Bu, bizim təkliflərin yer aldığı sazişin tam variantıdır. Bu barədə cümə axşamı Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan bildirib.
“Aydındır ki, bu sənəd Azərbaycan üçün də məqbul olmalıdır və biz ümid edirik ki, danışıqların üç mərhələsi nəticəsində qeydə alınan müəyyən irəliləyiş inkişaf edəcək. Sənəddə uzunmüddətli sülhün pozulmasına dair istənilən ssenarini istisna edəcək razılaşmalar, əməli mexanizmlər olmalıdır”, – Paşinyan bildirib və əlavə edib ki, belə sazişi imzalamağa hazırdır.
Ermənistan mətbuatının yazdığına görə, sənəd Azərbaycan tərəfinə Türkiyə vasitəsilə çatdırılıb. Paşinyana müxalif olan siyasətçilər, bunu Ermənistan hakimiyyətinin “Türkiyəyə tərəf növbəti reveransı” kimi qiymətləndirir.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdə olub. O, həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb, habelə zəlzələdən zərər çəkmiş, erməni xilasedicilərin axtarış-xilasetmə işlərini həyata keçirdiyi Adıyaman şəhərinə baş çəkib.
Bakıdan reaksiya: Ermənistan üçün “gözəl imkandır”
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov BBC-yə deyib ki, Azərbaycan-Türkiyə-Ermənistan arasında olan danışıqların inkişaf etdirilməsində Azərbaycan maraqlıdır.
“Biz maraqlıyıq ki, Ermənistan, həm Türkiyə ilə, həm də Azərbaycanla konstruktiv, substantiv real, sülh prosesinin konkret olaraq gündəmə gətirən və regionda birdəfəlik, dayanıqlı sülhün bərqərar olmasına xidmət edən siyasət aparsın. Bununla əlaqədar olaraq, Azərbaycan dəfələrlə öz bəyanatını verib”, – cənab Seyidov vurğulayır.
“Ermənistan və Türkiyə arasında hər bir ünsiyyət, o cümlədən, Azərbaycan siyasətinin, Azərbaycan və Türkiyənin birgə apardığı siyasətin çərçivəsində aparılan söhbətlərdir. Burada bir düstur artıq özünü sübut edib – biz bir millət iki dövlətik və bəzi hallarda xarici siyasətdə bir istiqamətdə fəaliyyət göstəririk”, – o, əlavə edib.
Deputat “xüsusilə zəlzələdən sonra Ermənistanın bu məsələyə bu cür münasibətini gözəl bir şans, gözəl bir imkan” kimi dəyərləndirib.
Səməd Seyidov deyir ki, Ermənistan XİN başçısının Türkiyəyə getməsi və orada belə yüksək səviyyədə söhbətlər aparmasının məhz Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsir göstərməsi arzuolunandır.
Siyasətçilərdən fərqli olaraq, ekspertlər iki ölkə arasında tezliklə razılaşma əldə olunacağına şübhə ilə yanaşırlar. Qeyd edilir ki, hətta rəsmi Bakı və Yerevan konstruktiv mövqe sərgiləsələr də, Rusiya və onun təsiri altında olan Xankəndidəki separatçı rejim sülh prosesini pozacaq.
“Turan” agentliyinin baş redaktoru Mehman Əliyev hesab edir ki, Ankaranın iştirakı da daxil olmaqla, Bakı-Yerevan xəttinin, Çavuşoğlunun da bildirdiyi kimi, kənardan konstruktiv və müsbət görünəcək, amma, keçmişdə də olduğu kimi, Qarabağ ermənilərinin destruktivizmi onu pozacaq: “Ermənistan və Türkiyənin XİN başçıları münasibətlərin yeni səviyyəyə çıxmasının anonsunu verdiyi vaxtda Xankəndində separatçıların lideri Araik Arutyunyan ermənilərin sonrakı qanlı hadisələrin başlanğıcını qoyan Dağlıq Qarabağın Azərbaycandan ayrılması uğrunda Hərəkatının 35 illiyinin qeyd edildiyini elan edib”. Sülh müqaviləsinin hazırlanması prosesinə bu açıq çağırış kim tərəfindən irəli sürülməsindən asılı olmayaraq, istənilən müsbət təşəbbüsün qarşısının alınmasına yönəlib. Separatçıların özünə inamını Qarabağda rus qoşunlarının mövcudluğu şərtləndirir. Onlarsız separatçılar daha çox konstruktivdirlər”.
Basta