Britaniyanın hərbi gəmisi Krım sahillərində: Kral donanması ilə Rusiya aviasiyası üz-üzə gəldi
Rusiya hərbçiləri Britaniya hərbi müdafiəgəmisinin yoluna doğru xəbərdarlıq atəşi açdığını deyirlər – Britaniya bu iddiaları qəbul etmir.
Rusiya Krım yaxınlığında Britaniya qırıcı gəmisinin yoluna doğru xəbərdarlıq atəşi açdığını bəyan edib, Britaniya Müdafiə Nazirliyi isə bu iddiaların doğru olmadığını bildirir.
Rusiya Müdafiə Nazirlyinə əsasən, Britaniya gəmisinə dövlət sərhədinin pozulması təqdirində silahdan istifadə ediləcəyi barədə ilkin xəbərdarlıq verilib.
“Xəbərdarlığa reaksiya verilmədi”, -Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Hadisə ilə bağlı Moskvadakı Britaniya hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağrılıb.
Britaniya Müdafiə Nazirliyi isə bəyanat verərək bildirib ki, HMS Defender qırıcı gəmisinə atəş açılmayıb.
“…biz onun yoluna bombalar atıldığına dair iddiaları rədd edirik”, Nazirliyin Tvitterdə yayılmış bəyanatında deyilir.
“Hesab edirik ki, rusiyalılar Qara dənizdə atəş təlimləri keçirib və öz fəaliyyətləri ilə bağlı beynəlxalq ictimaiyyətə əvvəlcədən xəbərdarlıq veriblər. Defender-ə doğru atəş açılmayıb və biz onun yoluna bombalar atıldığına dair iddiaları da rədd edirik”, Britaniya MN bildirib.
Təlimlər
Rusiya hərbçilərinə görə, yerli vaxtla saat 12:06 və 12:08-də Rusiyanın sərhəd patrul gəmisi xəbərdarlıq atəşi açıb və 12:19-da Su-24M təyyarəsi Britaniyanın “Defender” yoxedici gəmisinin hərəkət istiqaməti boyunca bombalar atılıb. Britaniya gəmisinin hərəkətinin qarşını almaq üçün dörd bombanın atıldığı bildirilir.
Saat 12:23-də, Qara Dəniz Donanması və Rusiya sərhəd xidmətinin birgə hərəkətləri nəticəsində “Defender” qırıcısı Rusiya Federasiyasının ərazi sularını tərk edib, Rusiya Müdafiə Nazirliyi bildirir.
Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti Ukrayna, İngiltərə və ABŞ xüsusi əməliyyat qüvvələrinin “Defender” gəmisinin göyərtəsində birgə təlim keçdiklərini bildirir.
28 iyun-10 iyul tarixləri arasında Qara dənizdə Ukrayna və NATO hərbi birləşmələrinin birgə Sea Breeze təlimləri keçirilməlidir.
.
.
Hadisəyə münasibət bildirən Ukraynanın Xarici İşlər Naziri, NATO ilə keyfiyyətcə yeni qarşılıqlı əlaqələrin zəruriliyini vurğulayıb.
.
.
“Ukrayna mövqeyinin bariz təsdiqi: Rusiya Federasiyasının Qara və Azov dənizlərindəki təcavüzkar və təxribatçı siyasəti, Krımın işğalı və hərbiləşdirilməsi Ukrayna və onun müttəfiqləri üçün davamlı təhlükədir”, – Dmitro Kuleba öz Twitterində yazıb.
.
Qərb ekspertləri nə deyir?
.
“Krım, beynəlxalq hüquqa əsasən, əlbəttə ki, Rusiyaya məxsus deyil, çünki onun ilhaqı tanınmayıb”, – Rusiya üzrə ən nüfuzlu avropalı mütəxəssislərdən biri, Britaniya Müdafiə Tədqiqatları Kral İnstitutunun mütəxəssisi Mark Galeotti deyir.
Onun yaydığı tvitə görə, rusiyalıları “çox təhrik etmədən”, onun sularından gəmilərin keçməsi, göstərməlidir ki, qanun ərazilərin zorla ilhaqından daha üstün durur.
Galeotti qeyd edir ki, “Defender” gəmisinin Qara dənizə səfəri məhz Krımın ilhaqına qarşı nümayiş və Ukraynaya siyasi dəstək əlaməti olub.
“Britaniyanın Kral Donanması beynəlxalq sularda üzgüçülük azadlığı prinsipini dəstəklədiyinə görə təqdirə layiqdir”, – NATO-nun Avropadakı keçmiş komandanı, istefada olan general Ben Hodges BBC Rus Xidmətinə bildirib.
Belə bir hərəkətlərin Britaniya gəmiləri üçün təhlükəli olub-olmadığını şərh edən general deyib ki, Kral Donanmasının belə vəziyyətlər üçün hazırlanmış planları var.
“Əminəm ki, Kral Donanması və digər NATO müttəfiqləri hər şeyi düşünüb və yaranacaq müxtəlif vəziyyətlərə dair planlar hazırlayıblar. Bu, Rusiyanın hərəkətlərinə adekvat cavabın tərkib hissəsidir. Ancaq əminəm ki, bəzi siyasətçilər bununla bağlı şalvarını isladacaq və Kremlin qanunsuz hərəkətinə dözməyə üstünlük verəcəklər.”
HMS Defender-in göyərtəsində
Jonathan Beale,
Müdafiə məsələləri üzrə müxbir, BBC
Mən Qara dənizdəki HMS Defender gəmisinin göyərtəsindəyəm.
Rusiyanın işğal etdiyi Krımın ərazi suları üzərindən tranzit keçidini yenicə başa vurduq. Bu, Gürcüstana yollanan Kral Donanması hərbi gəmisinin bilərəkdən həyata keçirdiyi bir gediş idi.
.
Üstümüzdən hələ də Rusiyanın hərbi təyyarələri keçir – bəzi anlarda hərbi gəminin üzərində 20-dən çox təyyarə olub.
Rusiya sahil mühafizə gəmiləri xəbərdarlıq verirdilər və biz həqiqətən də atış səslərini eşitdik, amma onların əhatə dairəsindən kənarda olduğunu hesab edirik.
HMS Defender keçid vaxtı yüksək hazırlıq vəziyyətində idi və bir məqamda heyət üzvləri üzlərini qorumaq üçün “anti-flash” maskalarını taxdılar ki, atəş mübadiləsi baş verərsə, üzlərini qoruya bilsinlər.
Bu, Rusiya təyyarələrinin diqqətinə səbəb oldu və onlar Krımın ərazi sularının Rusiya suları olduğunu iddia edərək, gəminin oraya girməməsi barədə xəbərdarlıq verdilər.
Rusiyanın sahil mühafizəsi HMS Defender-ın hərəkət istiqamətini dəyişdirdiyinə əmin olmaq üçün manevr etməyə çalışdı, lakin Defender mövcud gəmiçilik xətti ilə yolunu davam etdi və biz 19 mil (19 km) aralıda yerləşən Krımın sahilini görə bildik.
Hazırda gəmi beynəlxalq sularda hərəkət edir. Lakin səyahətin növbəti hissəsi olan Gürcüstana yönləndiyimiz zaman, Rusiya təyyarələri hələ də Kral Donanmasının hərbi gəmisi üzərində uçurdu.
BBC