Müsavat Məclisinin sessiyasında qəbul olunan sənədlər açıqlandı
Fevralın 28-də Müsavat Partiyası Divanın iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlərlə bağlı məlumat dinlənilib.
Qeyd edilib ki, fevralın 23-də Müsavatın rəhbərliyi və bir qrup fəalı partiyanın mərkəzi qərargahında Ukrayna dəstək aksiyası keçirib, fevralın 27-də isə müstəqil fəalların təşəbbüsü ilə Ukraynanın Bakıdakı səfirliyi önündə keçirilən dəstək aksiyasında 50-dən artıq müsavatçı iştirak edib.
Partiya rəhbərliyi fevralın 26-da Xocalı soyqırımının 30-cu ildönümü günündə Bakıdakı “Ana harayı” abidəsini ziyarət edib.
Divan partiya Məclisinin fevralın 27-də keçirilən sessiyasının nəticələrini müzakirə edib. Sessiyada Müsavat Partiyası adından üç sənəd, o cümlədən Rusiyanın Ukraynanı işğal etmək cəhdi ilə bağlı bəyanat, Azərbaycanda pandemiya məhdudiyyətlərinin aradan qaldırılması tələbi ilə bəyanat və dərmanların ucuzlaşdırılması tələbi ilə bəyanat əsas kimi qəbul edilib. Divan Məclisdə qəbul edilən sənədlərlə bağlı təklifləri layihələrə əlavə edib.
Sənədləri təqdim edirik:
Azərbaycanda pandemiya məhdudiyyətləri aradan qaldırılsın – Müsavat Partiyasının bəyanatı
İki ildən çoxdur ki, dünyanı cənginə alan koronavirus pandemiyası qismən səngiməkdədir. Bu xəstəliyə yoluxanlar arasında ölənlərin sayı azalmaqdadır.
Bir çox dünya ölkələri bu amilləri nəzərə alaraq karantin şərtlərini yumşaldır və ya ləğv edir.
Təəssüf ki, ölkəmizdə karantin şərtlərinə görə heç bir təzminat, sosial yardım verilməsə də bu qaydaları pozanlara qarşı yüksək məbləğdə cərimələr davam edir.
Vətəndaşların sərbəst toplaşmaslna, xeyir-şər məclislərini istədikləri kimi keçirməsinə imkan verilmir.
Hakimiyyət pandemiya qaydalarından ölkədə siyasi fəaliyyət imkanlarını daha da məhdudlaşdırmaq, hətta azsaylı etiraz aksiyalarına qarşı aşırı güc tədbiq etmək üçün istifadə edir.
Müsavat Partiyası:
Omikron ştammının əvvvəlki ştammlara nisbətən daha az təhlükəli olduğunu,
indi covidə yoluxan əhalinin heç 10 % – nin də bir tərəfdən müalicənin baha olması, digər tərəfdən səhiyyə sistemimizə etimadsızlıq ucbatından tibb müəssələrinə müraciət etməməsini,
koronavirusa yoluxub sağalan, bununla da təbii immunitet qazananların sayının rəsmi məlumatda olduğu kimi 758 min deyil, bəlkə də 3 milyondan çox olmasını,
pandemiya şərtlərinin ölkəmizdə korrupsiya mənbəyinə çevrilməsini,
bütün bu amillərin, həmçinin qadağaların onsuz da çətin durumda olan əhalimizin həyatını daha da ağırlaşdırdığını nəzərə alaraq,
qapalı məkanlarda maska taxılması tövsiyyəsi istisna olmaqla pandemiya ilə bağlı bütün qadağaların ləğv olunmasını tələb edir.
Bəyanat Müsavat Partiyası Məclisinin 27 fevral 2022-ci il tarixli iclasında qəbul edilib.
***
Rusiyanın Ukraynanı İşğal etmək cəhdi ilə bağlı Müsavat Partiyasının bəyanatı
Müsavat Partiyası son günlər Ukraynada baş verən hadisələri diqqətlə və böyük həyəcanla izləyir.
Müsavat Partiyası Rusiya Ordusunun havadan, sudan və qurudan Ukrayna ərazilərinə hücumunu suveren dövlətin müstəqilliyinə qarşı qəsd, hərbi təcavüz kimi qiymətləndirir.
Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində keçirdiyi, çoxsaylı hərbi qulluqçu və mülki şəxsərin ölümünə, böyük dağıntılara səbəb olan işğal cəhdini qətiyyətlə pisləyir.
Müsavat Partiyası hesab edir ki, Rusiyanın Ukraynaya hərbi təcavüz yalnız Ukrayna üçün yox, bütün Avtopa və postsovet ölkələri üçün təhlükədir.
Müsavat Partiyası bir çox dünya ölkələrinin Rusiya hakimiyyətindən hərbi əməliyyatları dərhal dayandıraraq hərbi qüvvələri öz dislokasiya yerinə qaytarılması tələbini və beynəlxalq hüquq normalarının kobud surətdə pozan, beynəlxalq təhlükəsizlik sistemini sarsıdan Rusiyaya qarşı tədbiq etdiyi sanksiyaları dəstəkləyir.
Müsavat Partiyası hesab edir ki, bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməlidir.
Müsavat Partiyası Ukrayna xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda qətiyyətli mübarizəsini alqışlayır, bu haqq işində Ukrayna xalqının yanında olduğunu bəyan edir.
Bəyanat Müsavat Partiyası Məclisinin 27 fevral 2022-ci tarixli iclasında qəbul edilib.
***
Azərbaycanda dərmanların qiyməti ucuzlaşdırılsın – Müsavat Partiyasının bəyanatı
Ölkə əhalisinin sağlamlığı, körpələrin sağlam doğulub, möhkəm immunitetə sahib olaraq böyüməsi, əhalinin səhhiyyə təhlükəsizliyinin təminatı xalqın rifahı, dövlətin iqtisadi inkişafı, müdafiə qüdrətinin artması üçün xüsusi əhəmiyyət kəsb edir.
Yalnız ölkənin səhiyyə sistemini təkmilləşdirmək, keyfiyyətli müalicənin əhalinin bütün sosial təbəqələri üçün əlçatan olmasını təmin etmək, əhalinin keyfiyyətli ərzaq və dərman ləvazimatı əldə edə bilməsinə şərait yaratmaqla buna nail olmaq mümkündür.
Təəssüf ki, mövcud iqtidar səhiyyə sisteminin möhkəmləndirilməsi üçün vacib olan bu mühüm şərtləri yerinə yetirmir.
İki ildir ki, tədbiq olunduğu elan edilən İcbari Tibbi Sığorta hətta orta səviyyədə belə həyata keçirilmir.
Xərcəng və şəkər xəstələrinə, eləcə də pulsuz dərmanla təmin edilməli olan əlilərə dərmanlar və diğər tibbi ləvazimatlar bəzən kəsintilərlə verildiyi halda, bəzən ümumiyyətlə verilmir.
Xərçəng xəstələrinə pulsuz verilməli olan dərmanlar xüsusi apteklərdə və çox baha qiymətə satılır ki, bu da ağır cinayət hadisəsi olmaqla yanaşı, həm də əhalinin səhiyyə təhlükəsizliyinə vurulan ağır zərbədir.
Belə dərmanların xarici ölkələrindən gətirilməsinə isə gömrük xidməti tərəfindən qeyri qanuni olaraq qadağa qoyulur ki, bu da dərman mafiyalarının maraqlarına xidmət edir.
Apteklərdə satılan bir çox dərmanların Türkiyədə olan qiymətlərlə müqayisəsi dəhşətli mənzərəni ortaya qoyur.
Azərbaycan apteklərində satılan, xüsusi tələbat olan dərmaların qiymətləri Türkiyədə, Gürcüstada olduğunda 3 dəfədən 20 dəfəyə qədər bahadır.
Belə qiymət siyasəti əhalinin aztəminatlı hissəsinin ən adi müalicədən məhrum olması, dərman satışını monopoliyaya alan şəxslərin isə milyonlar əldə edərək daha da varlanması ilə nəticələnir.
Qeyd olunanları nəzərə alaraq Müsavat Partiyasının Məclisi:
Azərbaycan hakimiyyətindən İcbari Tibbi Sığortanın əhali üçün əlçatan olmasını,
xərcəng, şəkər və qanunla pulsuz dərman verilməli olan xəstələrə, dərmanların və tibbi ləvazimatların tam şəkildə verilməsini,
dərman ticarəti üzərində monopoliyalara son qoymaqla, dərmanların qiymətlərinin ən azı Türkiyə apteklərində olan qiymətlərlə uyğunlaşdırılmasını,
ölkədə azad iqtisadi rəqabət şəraitinin yaradılmasını,
pensiyaların əhalinin minimum tələbatını ödəyəcək, o cümlədən müalicə üçün yetərli olacaq səviyyədə qaldırılmasını, tələb edir.
Bəyanat Müsavat Partiyası Məclisinin 27 fevral 2022- ci il tarixli iclasında qəbul edilib.
Basta