İranda usyan: “Xamneyiyə ölüm” şüarı səsləndi, 4 etirazçı qətlə yetirildi – VİDEO
Sosial şəbəkələrdə yayılan video və məlumatlara görə, iyulun 20-si axşam saatlarında Xuzistan əyalətinin şərqi hissəsində yerləşən İzə, Dezful və Behbəhan şəhərlərinin əhalisi etirazlara qatılaraq, “Xamneyiyə ölüm” və “İslam respublikasına ölüm” şüarları səsləndiriblər. Aksiya iştirakçıları rejim rəsmilərinin əyalətdə susuzluğa gətirib çıxaran səriştəsiz siyasətinə etiraz bildiriblər.
Yayılan məlumatlara əsasən, etirazlar genişləndikcə daha siyasi xarakter daşımağa başlayır və etirazçılar birbaşa İranın diktator “dini lider”i axund Əli Xamneyinin totalitar hakimiyyətini hədəfə alırlar.
Məlumata əsasən, etirazçıları susdurmaqdan aciz qalan rejim qüvvələri iyulun 20-də İzə şəhərində aksiyaçılara odlu silahlardan atəş açıblar. Təş nəticəsində iki gənc etirazçı, 16 yaşlı Məhəmməd Abdullahi və Hadi Bəhməni qətlə yetirilib.
Əhvaz şəhərində isə hökumət qüvvələrinin etirazçılara açdığı atəş nəticəsində Fərzad Fərisad adlı bir gənc aldığı güllə yarasından yerindəcə keçinib, bir gecə əvvəl isə Əhvazın Ələvi küçəsində polisin birbaşa atəşi nəticəsində ağır yaralanaraq xəstəxanaya yerləşdirilən digər 20 yaşlı bir gənc xəstəxanada dünyasını dəyişib.
Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, dünən axşam saatlarında Xuzistan əyalətinin Mahşəhr şəhərinin Taliqani şəhərciyində dinc etirazçılara qarşı repressiyalarda iştirak edən 2 polis əməkdaşı naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Hücum nəticəsində adı mediaya açıqlanmayan bir polis əməkdaşı yerindəcə ölüb, digəri isə ağır yaralanıb.
Yayılan məlumatlara görə, dünən Xuzistan əyalətinnin müxtəlif şəhərlərində davam edən su üsyanında əsasən üç mühüm şüar səsləndirilib.
Etirazçılar “İslam Rspublikasına ölüm”, “Xamneyiyə ölüm” və “İslam Respublikasını istəmirik” şüarları səsləndirərək rejimin neft və qaz yataqları ilə zəngin olan Xuzistan əyalətinin yerli ərəb sakinlərini susuzluq, yoxsulluq və fəlakət içində saxlamasına öz etirazlarını bildiriblər.
Günaz TV