Abbas Lisaninin işi BMT-nin İnsan Haqları Şurasına göndəriləcək
Güneyli siyasi məhbus Abbas Lisaninin Cinayət Prosessual Məcəlləsinin 477 -ci maddəsinə əsasən işinə yenidən baxılması üçün onun vəkili məhkəmə orqanlarına müraciət edib. Məhkəmə məsulları azərbaycanlı fəalın məhkəmə işinin tezliklə Tehrana göndəriləcəyini bildiriblər.
Avqustun 11-də Lisaninin ailə üzvlərinin yenidən Ərdəbil Məhkəməsinə müraciətindən sonra bəlli olub ki, onun məhkəmə işi Tehrana göndərilib. Məhkəmə əməkdaşları bildiriblər ki, Abbas Lisaninin məhkəmə işi BMT-nin İnsan Haqları Şurasının tələbi əsasında Tehrana göndərilib və bundan sonra iş İran Məhkəmə Sisteminin Xarici İnsan Haqları Bölməsi vasitəsilə BMT-nin İnsan Haqları Şurasına veriləcək.
Bundan öncə ƏRK-Azərbaycan İnsan Haqları Cəmiyyəti yayınladığı hesabatda bildirmişdir ki, 12 iyul-9 iyul tarixləri arasında keçirilən İnsan Haqları Şurasının 47-ci oturumunda insan haqları fəalları BMT-nin İranda insan hqlarının vəziyyəti ilə bağlı hesabatını müzakirə edib və bu barədə İran hökumətindən izahat tələb etmişdilər. Abbas Lisaninin məhkəmə işinin İnsan Haqları Şurasına göndərilməsi İnsan Haqları Şurasının qeyd olunan izahat tələbi ilə bağlı olduğu ehtimal olunur.
Qeyd edək ki, fevral ayının 9-da Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi professor Cavid Rəhmanın hesabatı nəşr olunub.
Ətraflı hesabatda xüsusi nümayəndə öz dili və mədəniyyətinə bağlı olan və bu gün zindanlarda saxlanılan insanların durumu barədə narahatlığını bildirərək Abbas Lisani haqqında deyib:
“2020-ci ilin iyul ayında İran Ali Məhkəməsi, Azərbaycan türkü, mədəni fəal Abbas Lisaniyə qarşı irəli sürülən milli təhlükəsizlik əleyhinə fəaliyyətə görə 15 il həbs cəzasını təsdiq edib. Abbas Lisani ana dilində təhsil tələb edir və hökumətin siyasətlərinə etirazını bildirir.”