Orduya dəstək aksiyasının iştirakçılarını koronavirusu yaymaqda ittiham ediblər

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu  Mehdi İbrahimova qarşı CM-in 139-1.1 -ci maddəsi (karantin rejiminin pozulması xəstəliyin yayılmasına səbəb olduqda) ilə cinayət işi başlanıb.

Bu barədə Turan agentliyinə M. İbrahim bildirib. Müxalifətçinin sözlərinə görə, onun oğlu bədən tərbiyəsi müəllimidir və hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Onu mayın 14-15-də orduya dəstək olaraq keçirilmiş yürüş-mitinqlə əlaqədar saxlayıblar.

Atanın sözlərinə görə,  Mehdi orduya dəstək yürüşündə edib, amma parlamentin binasına daxil olanların arasında olmayıb.

“Lakin o, kənarda, funikulyorun yanında dayanıb. Onu iyulun 15-də səhər saatlarında, adamlar dağılışdıqdan sonra saxlayıblar, Xətai polisinin 37-ci bölməsinə aparıblar.

Mən iki gün polisə getmədim. Dedim ki, YAP-ın üzvüdür, dövlətə dəstək mitinqidir, qoy, özləri araşdırsın. İki gündən sonra öyrəndim ki, bölməyə gətirilən 119 nəfərdən 101 nəfərini sərbəst buraxıblar. Mehdi mənim oğlum olduğu üçün saxlanılıb. Sonra oğlumu istintaqda dindiriblər. Mənimlə bağlı suallar veriblər. Deyiblər ki, sənin atan AXCP üzvüdür, cən necə YAP-çısan?

İyulun 21-də öyrəndim ki, oğlumun barəsində 139-1.1-ci maddə üzrə cinayət işi başlanıb. İddiaya görə, o, koronavirusa yoluxub və karantində yerləşir, öhdəlikləri pozub və aksiyaya gedib. Halbuki, Mehdi xəstə deyil və heç kim onu karantinə almayıb. 

Əgər o, karantinada idisə, o zaman iyulun 14-də və əvvəlki günlərdə evdən çıxmaq üçün ona SMS-icazə nece verilib? Niyə onu başqalarının arasında polisdə saxlayıblar? Bu dərəcədə saxtakarlıq olmaz”, – M. İbrahim qeyd edib.

Onun sözlərinə görə, 7 gün ərzində polis bütün videolara baxıb, bütün şahidləri dindirib və Mehdinin parlamentə daxil olan nümayişçilərin arasında olması və digər qanunsuz hərəkətlər törətməsinə dair heç bir sübut tapa bilməyib.

AXCP-dən bildiriblər ki, partiya üzvü, iyulun 15-də saxlanılmış Məhəmməd İmanlıya  da 139-1.1-ci maddə üzrə ittiham irəli sürülüb və o da Sabunçu polisində saxlanılır.

Bu maddə 2500 manatdan 5000 manatadək cərimə və ya üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmə kimi cəza nəzərdə tutur.

Turan