Koronavirus: evdə müalicə və təcrid vaxtı nə etməli, ailə üzvlərini necə qorumalı? 5 suala cavabda
Bir neçə həftədir ki, Azərbaycanda COVİD-19-u törədən koronavirusa yoluxmuş şəxslərin simptomlarından asılı olaraq ev şəraitində müalicəsi də aparılır.
Bundan sonra Səhiyyə Nazirliyi evdə müalicə zamanı davranış üçün tövsiyələrini açıqlayıb.
BBC News Azərbaycanca evdə müalicə vaxtı təcrid və davranış qaydalarına aid bəzi tövsiyə və məsləhətləri bir araya gətirib.
Kimlər evdə müalicə olunmalıdır?
Səhiyyə Nazirliyinin evdə müalicə ilə bağlı açıqladığı qaydalara əsasən yoluxma halı təsdiqlənərsə, xəstəliyi yüngül formada keçirən şəxslər “həkim rəyinə əsasən”, yaşadıqları və ya olduqları yerdə təcrid olunur və onların üzərində tibbi “müşahidə həyata keçirilir”.
Özünün COVİD-19 virusuna yoluxduğuna şübhəsi olan vətəndaşlar ilk addım olaraq poliklinikaya telefon vasitəsilə zəng etməlidir.
.
“Bundan sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVİD-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir”, Səhiyyə Nazirliyinin saytında Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova iqtibas edilir.
Məlumata görə, testin cavabı 1-3 gün ərzində SMS vasitəsilə vətəndaşa bildirilir. Bu müddətdə isə sahə həkimi vətəndaşın vəziyyətini izləməli və test nəticəsi müsbət olarsa, vətəndaş qeydiyyata alınır.
Səhiyyə Nazirliyinin rəsmisi bildirir ki, “xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur.”
Evdə müalicə neçə gün davam edir?
Sahə həkimləri koronavirusa yoluxmuş evdə müalicə alan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə etməlidirlər, əgər ağırlaşma olarsa, o zaman həkimlər vətəndaşın stasionar şəraitdə müalicəsini davam etdirmək barədə qərar verməlidir.
Səhiyyə Nazirliyi bildirir ki, xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər.
İzolyasiyaya gəldikdə isə, Covid-19-un inkubasiya dövrü 21 gün təşkil etdiyindən bu müddətdə xəstələrə yaşayış yerlərini tərk etməyə icazə verilmir.
Necə izolyasiya olunmalı?
Evdə isə həmin şəxslər ayrıca bir otaqda izolyasiya olunmalıdır.
Buna şərait əl vermirsə, xəstənin yatağını digərlərindən ən azı 2 metr məsafədə yerləşdirmək məqsədəuyğundur, Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova deyir.
Onun sözlərinə görə, həm xəstə, həm də onunla eyni evdə qalan bütün şəxslər evin daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə ilə özləri və ətrafdakıları yoluxmadan qorumuş olurlar.
Tibbi maskanı hər iki saatdan bir dəyişmək tövsiyə olunur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan hökumətinin daha bir tövsiyəsinə görə, evdəki insanlar əşyaları, məsələn, qab-qacaq, dəsmal və yataq dəstlərini bölüşməkdən çəkinməlidir.
.
.
Yeməyi kim hazırlamalıdır?
İmmuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür.
İnfeksiyaya yoluxmuş şəxsin yeməyini onun otağına daxil olmadan vermək daha təhlükəsiz olar. Və təbii ki, öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır, Nailə Daşdəmirova deyir.
Xəstələrə və onlarla eyni evdə yaşayanlara vitaminlərlə zəngin pəhriz tövsiyə olunur.
Xəstənin təmasda olduğu əşyalar necə təmizlənməli?
Xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin toxunduğu əşyalar mütləq dezinfeksiya olunmalıdır.
ÜST qapıların qulpu kimi səthləri tez-tez təmizləməyi tövsiyə edir.
Covid-19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli mayələr ilə təmizlənməlidir, xəstənin paltarları isə ayrıca 60-90 dərəcədə yuyulmalıdır, Nailə Daşdəmirova deyir.
Eynilə otaqları tez-tez havalandırmaq da tövsiyə olunur.
BBC