ABŞ-ın Ermənistandakı səfiri Qarabağ münaqişəsinin “həll olunmadığını” deyir

ABŞ-ın Ermənistandakı səfiri Lynne Tracy hesab edir ki, 2-ci Qarabağ müharibəsinin nəticələri “aradan qaldırılmayıb”, münaqişə isə “həll edilməyib”, çünki “Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyib”.

“Biz Minsk qrupunun həmsədri olaraq bu mövqelərdən vəziyyətin gərginləşməsini azaltmağa, qarşıdurmaları aradan qaldırmağa çalışacağıq ki, qalan məsələlər, müharibədən sonrakı vəziyyət və qalan vəzifələrin son həllinə baxmaq mümkün olsun”, – Ermənistanın “Armenpress” rəsmi saytı Sünik bölgəsində jurnalistlərə açıqlama verən Lynne Tracy-yə istinadən yazır.

 

Səfir Azərbaycan-Ermənistan sərhədindəki hadisələrlə bağlı deyib ki, o, “şiddətə mümkün qədər tez son qoymaq üçün” gərginliyin “aradan qaldırılmasına” çağırır.

 

Azərbaycanın ABŞ-ın Ermənistandakı səfirliyinin şərhinə reaksiyası hələ ki, bəlli deyil.

 

ABŞ Dövlət Departamenti bu ilin iyul ayında Ermənistanı və Azərbaycanı “ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında” danışıqlara başlamağa səsləyib.

 

Azərbaycan üçün, Prezident Əliyevin dediyinə görə, “Qarabağın statusu” məsələsi mövcud deyil, Ermənistanın siyasi rəhbərliyi isə Dağlıq Qarabağın statusu məsələsində israr edəcəyini deyir.

 

Azərbaycan Ermənistanla sülh danışıqlarında ATƏT-in Minsk Qrupunun iştirakı ilə bağlı çağırışlara birbaşa imtina cavabı verməyib.

 

Amma 2020-ci ilin payızında baş vermiş və 44 gün davam etmiş müharibə müddətində və ondan sonra da Azərbaycan rəhbərliyi Minsk qrupunun fəaliyyətini tənqid edib.

 

Prezident İlham Əliyev ötən ilin dekabrında ölkəyə gəlmiş ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən onlara demişdi ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilməyib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatlarından birində isə vurğulanıb ki, ATƏT-in Minks qrupu üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər.

 

 

BBC