Azərbaycan “Krım platforması” sammitinə niyə qatılmadı?
Bu gün Ukraynanın paytaxtı Kiyevdə “Krım platforması” sammitinə start verilib.
Sammitdə dünyanın 45-dən çox ölkəsindən (bütün Avropa və NATO ölkələri) nümayəndələr iştirak edir. 14 dövlətin lideri (10 prezident, dörd baş nazir), parlament rəhbərləri və 13 xarici işlər, müdafiə və energetika nazirləri, səfirlər Ukyarnaya gəlib. Həmçinin NATO, Avropa İttifaqı Şurası, Avropa Komissiyası və Avropa Şurası təmsil olunub. Krım platforması Krımın deokkupasiyası və onun Ukraynaya qaytarılması üzrə beynəlxalq səyləri əlaqələndirməlidir. Krım platformasının yaradılması təşəbbüsü ilə 2020-ci ildə prezident Vladimir Zelenski çıxış edib. Krım Platforması Krımın Rusiya tərəfindən ilhaqında beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir. Avqustun 19-da Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba bildirdi ki, sammitdə iştirakçılığının səviyyəsindən asılı olmadan tədbirdə iştirak edən bütün dövlətlər «Krım platformasının» təsisçilərə çevrilirlər. Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, sammitinin işində 44 xarici dövlətinin nümayəndə heyətləri iştirak edəcək, onlardan 14-ü tədbirdə ən yüksək səviyyədə təmsil olunacaq. Azərbaycan isə Krım platformasının işində iştirak etmir. Halbuki mayın 27-də telefon danışığı zamanı Azərbaycan XİN başçısı Ceyhun Bayramov öz ukraynalı həmkarı Dmitri Kuleba ilə Krım platformasının keçirilməsini müzakirə etmişdilər. Ukrayna hökümətinin bəzi nümayəndələri hesab edir ki, Azərbaycanın indiki mövqeyi Rusiyanın Cənubi Qafqazda oynadığı rolu ilə bağlıdır. Bəs əslində necədir?
Azərbaycan niyə Krım platforması sammitində iştirak etmir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Turana bildirib ki, bu suala cavab Azərbaycan Xarici işlər nazirliyi verə bilər. «Azərbaycan səfirliyindən kimsə gedib orada iştirak edə bilərdi. Digər tərəfdən GUAM-ın baş katibi Altay Əfəndiyev Azərbaycan diplomatıdır və o orada iştirak edəcək». Deputat qeyd edib ki, Azərbaycan bu nəsələdə məlumatlıdır. «İştirak edən 44 dövlətdən yarısı demək olar ki, Kiyevdə yerləşən səfirlərdir. Heç ora bütün o 44 ölkənin nə baş naziri, nə xarici işlər naziri təmsil olunmur». Onun fikrincə, qarşılıqlıq məsələsi var. «Bizim problemlərimiz olanda Ukraynanın problemi isə olmayanda Ukrayna gəlib Azərbaycana dəstəkmi verirdi? Yox. Sadəcə olaraq səsvermə olanda ərazi bütövlüyümüzə səs verirdi. Biz də onu edirik. Yəni, o dərəcədə ki, Ukrayna bizim konfliktimizlə bağlı bizə dəstək verib, o dərəcədə də bizdən dəstək uma bilər. Ukraynadan Azərbaycanla bağlı ayrı-ayrı kimlərsə nəsə fikirlər səsləndirə bilər, ancaq rəsmən Ukraynanın dəstəyi Azərbaycanın ona göstərən dəstəkdən xeyli azdır».
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Krım platformasında iştirak etməmək yanlış qərar idi. «Bir tərəfdən dövlət başçısı İlham Əliyev deyir ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür. Müstəqil xarici siyasət yürüdürüksə, biz mütləq bu platformada hansısa səviyyədə iştirak etməliyik. Belə çıxır ki, biz Rusiyadan qorxuruq, çəkinirik, ona görə də bu platformada iştirakımız Rusiyanın narazılığına səbəb ola bilər». O, AzadlıqRadiosuna bildirib ki, Azərbaycan Krımı Ukrayna ərazisi kimi tanıyır. «Biz bunu da nəzərə almalıyıq ki, Ukrayna müharibə günlərində Azərbaycana ən çox dəstək verən dövlətlərdən biri idi. Ukraynanın Xarici işlər nazirliyi Azərbaycana dəstək bəyanatını da verib. Tərəfdaşlar arasında dəstək qarşılıqlı olur. Tədbirdə hətta Azərbaycanın Ukraynadakı səfiri belə iştirak etmir». Ekspert qeyd edib ki, Azərbaycan Rusiyanın siyasətini tənqid edir. «Dövlət başçısı Rusiya hərbçilərinin Qarabağdakı fəaliyyətindən, Rusiyanın Ermənistanı salahlandırmasından özü narazıdır. Belə olan halda biz niyə konfransında iştirak eyməyək ki? Rusiya görsə ki, ondan çəkinirik daha çox üstümüzə gələcək. Bu, müstəqil xarici siyasət prinsiplərinə ziddir». Politoloq vurğulayıb ki, bu gün Ukraynada Bayraq günü qeyd edilir. «Bu gün heç olmasa Heydər Əliyev Mərkəzində Ukrayna bayrağının proeksiyası olsun. Əgər olmasa, bu da yanlış bir qərar olacaq, çünki bütün dövlətlərinin bayraq günündə Heydər Əliyev Mərkəzində onların bayraqlarının proyeksiyası olur. Əgər hər hansı texniki səbəblər bəhanə gətirilsə bilin ki, biz yenə də Rusiyadan çəkinmişik».