Tofiq Yaqublunun məhkəməsi mübahisə ilə başladı
Bu gün, iyulun 24-də Nizami Rayon Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib. Bu haqda “Basta”ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
Gülağa Aslanlı məhkəmə iclasında vəkillər Aqil Məhərrəmov və Elçin Sadıqovun iştirak etdiyini, pandemiya əsas gətirilərək, onun və digər partiya fəallarının məhkəməyə buraxılmadığını bildirib: “Yalnız məhkəmə başladıqdan sonra vəkillərin təşəbbüsü ilə Tofiq bəyin qızı Nigar Həzi prosesə buraxıldı”.
Nigar Həzinin bildirdiyinə görə, hazırlıq iclası baş tutub və məhkəmə prosesi avqustun 5-i saat 11:00-a təyin edilib.
O, bildirib ki, Tofiq Yaqublu məhkəməyə gətirilərkən məhkəmə zalında Penitensiar Xidmətinin əməkdaşları qanunsuz olaraq, onun özünə məxsus cinayət materiallarına baxıblar: “Ata öz “cinayət işi”nə “şərəfsizliyin ifşası” başlığı qoyduğunu görüblər və bu zaman PX-in əməkdaşları ilə mübahisə yaranıb. Hakim Nəriman Mehdiyev müdaxilə edərək bildirib ki, “bura mitinq deyil”. Hakim siyasi ifadə işlətdiyinə görə atanın vəkilləri vəsatət verərək məhkəmə tərkibinə etiraz etdilər. Bununla bağlı şikayəti poçt vasitəsi ilə Apellyasi Məhkəməsinin sədrinə göndərdilər. N. Mehdiyevin səlahiyyəti olmadığı halda vəsatəti baxılmamış saydı və hazırlıq iclasına davam etdi”.
Bundan sonra vəkillər cinayət işinə xitam verilməsiylə bağlı vəsatət qaldırıb, lakin təmin edilməyib.
Hakim Tofiq Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi və maşının qaytarılmasıyla bağlı vəsatətləri də təmin etməyib.
“Ata deyir ki, bir çoban müstəntiq Ramil Əliyevdən daha urvatlı cinayət işi düzüb qoşardı. Hakimə isə bunları dedi: ” Siz mənə məhkəmə qura bilməzsiniz. Haqq mənəm, qanun mənəm! Siz burada İlham Əliyevin sifarişini icra edirsiniz. Sizin cürətiniz çatsaydı, ilk işə baxanda buna xitam vererdiniz. Vaxt gələcək bütün bunlara görə, cəbhəçilərə qarşı etdiyiniz repressiyalara görə cavab verəcəksiniz!” – deyə, Nigar Həzi özünün feysbuk səhifəsində yazıb.
***
T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.
T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə – martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: “”8-ci kilometr bazarı”nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”.
Basta