İranlı deputatlardan Azərbaycana qarşı təhdid və ərazi iddiası: “Naxcıvan və Qarabağı İrana birləşdirəcəyik”

İran parlamentinin deputatı Seyid Möhsün Dehnəvi bu gün “Twitter” hesabında etdiyi bir paylaşımında Azərbaycan Respublikasının rəhbərlərinə qarşı təhdid dolu bəyanat səsləndirib.

Günaz TV-nin məlumatına görə, o, paylaşdığı tvitində Azərbaycan rəsmilərini şirin quyruğu ilə oynamaqda günahlandırıb.

“Amerika və İsrail regionda İran və Rusiyanın ziyanına geopolitik dəyişikliklər etmək üçün İlham Əliyevi təhlükəli bir ssenariyə daxil ediblər.

 

Bu kiçik və qonşu ölkənin rəsmiləri şirin quyruğu ilə oynamaq əvəzinə yaxşısı budur ki, ağla gəlsinlər, yoxsa biz hərəkətə keçmək məcburiyyətində qalacağıq”, – deyə İran parlamentinin deputatı Seyid Möhsün Dehnəvi “Twitter” hesabında paylaşdığı yazısında bildirib.

 

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Əhmədi Biğəş də Azərbaycanı təhdid edib.

 

O, bununla bağlı oktyabrın 1-də özünün “Twitter” hesabında etdiyi paylaşım edib.

 

“Türkiyənin avantürasının və Azərbaycanın naşı davranışı davam etsə Naxcıvan və Qarabağı özlərinin əsil sahibinə-İrana geri qaytaracağıq”-deyə, iranlı deputat yazıb.

 

Müsavat başqanı Arif Hacılı İranın rəsmi şəxslərinin bu təhdidlərinin 44 günlük müharibədənin nəticələri ilə əlaqələndirib: “Müharibədən sonra regionda vəziyyətin dəyişməsi, ərazilərimizin azad edilməsi, müttəfiqlərimizin Azərbaycana çəkinmədən, açıq dəstək verməsi İranın ölkəmizə qarşı fəaliyyətinin fərqli müstəviyə keçməsi ilə nəticələnib. Sətraltı məzmunlu dini moizələr dövlət quruluşumuza, daxili və xarici siyasətimizə açıq təhdidlərlə əvəz olunub”.
“O taylı, bu taylı bütün Azərbaycan xalqı İran molla rejiminin fitnəkar siyasətinə qarşı ayıq-sayıq olmalı, Azərbaycan hakimiyyəti, nəhayət siyasi demaqoqiyadan əl çəkib milli təhlükəsizliyimizi təmin etmək üçün ciddi tədbirlər görməlidir” – deyə, Müsavat başqanı bildirib.